×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

Bakı, 18 yanvar, AZƏRTAC
İ.Əbilov adına Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş “Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin bədii rəhbəri Məhərrəm Nəcəfzadə 30 il əvvəl Bakı şəhərində törədilən faciədən, sovet ordusunun əliyalın insanlara qarşı törətdiyi vəhşiliklərdən söz açıb.
Tədbirin aparıcısı, “Oğuzlar” folklor xalq kollektivinin bədii rəhbəri Dürdanə Qəmbərova 20 Yanvar tarixini faciə günü kimi yox, xalqımızın qanla yazılan qəhrəmanlıq salnaməsi kimi səciyyələndirib.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialının nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağı İctimai Birliyinin sədri, şair-publisist Zərəngiz Mansurova qanlı faciə zamanı düşmən qarşısında xalqın iradəsinin sınmadığını, daha mütəşəkkil şəkildə birləşərək azadlığa aparan yoldan dönmədiklərini vurğulayıb. O, özünün qələmə aldığı “20 Yanvar” poemasından parçalar səsləndirib.
Filialın müdiri Turanə Əmirova, “Oğuzlar” folklor xalq kollektivinin quruluş hissə müdiri Günay Məmmədova, “Şəlalə” xalq çalğı alətləri ansamblının tar ifaçısı Ruslan Zərbəliyev və başqaları 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz ulu öndər Heydər Əliyev tərəfindən verildiyini bildiriblər.
Çıxış edənlər gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə 150 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında 20 Yanvar hadisələrinə həsr olunmuş “Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

 

20 yanvar 2020-01-18 18:09:00