×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın azadlıq və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda 20 Yanvar faciəsinin 30–cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən bu elmi müəssisənin direktoru, akademik Məmməd Salmanov 1990-cı ilin yanvarında sovet ordusu tərəfindən törədilmiş faciənin acı nəticələrindən danışıb, 20 Yanvarın Azərbaycan xalqının tarixində azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi olduğunu söyləyib. Qeyd edib ki, həmin gün xalqımız öz azadlıq əzmini bütün dünyaya nümayiş etdirib.
Məmməd Salmanov, həmçinin zaman-zaman xalqımızın başına gətirilmiş faciələrdən söz açıb. Bu faciələri və qanlı hadisələri heç zaman unutmamağı tövsiyə edib.
Tədbirdə institutun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz izlər qoyduğunu söyləyib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan Vətən övladları keçmiş sovet ordusu tərəfindən qətlə yetirilib. Onlar müdhiş gecədə ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günləri heç zaman unutmayacaq.

Elm və təhsil 2020-01-18 17:33:00