×
A
A
A
Sazlamalar

1990-cı ilin yanvar qırğını Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” Sərəncamına əsasən, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanıb və faciənin ildönümü geniş şəkildə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, 20 Yanar faciəsi ilə əlaqədar rayonun ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarında anım tədbirləri təşkil olunur. Orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar fotostendlər düzəldilib, anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılır. Rayonun idarə və təşkilatlarının kollektivlərinin, orta və ali təhsil müəssisələrinin şagird və tələbələrinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunur.
İyirmi Yanvar faciəsi ilə bağlı tədbirlərdən biri də Nəsimi Rayon İcra Hakimiyyətində keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən faciə qurbanları müasir tariximizin qəhrəmanları olublar. O zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyən bəyanat verib. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclis Azərbaycan xalqına qarşı törədilən bu vəhşiliklərə siyasi qiymət verdi.
Bildirilib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Həmin o gün müstəqil Azərbaycan dövlətinin tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Digər çıxış edənlər onlara olan diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə yardımlar paylanılıb.

 

20 yanvar 2020-01-18 17:38:00