×
A
A
A
Sazlamalar

İspaniyanın altı məktəbi “Apple” nişanına layiq görülüb

Madrid, 15 yanvar, AZƏRTAC

Dünyada yalnız 470 məktəb, o cümlədən İspaniyanın altı dövlət və özəl məktəbi “Apple” nişanı alıb. AZƏRTAC xəbər verir ki, texnoloji sektorun bu aparıcı brendi onun innovasiyalarından istifadə edən məktəblərə «Apple Distinguished School» fərqləndirmə nişanını təqdim edir.
“Apple” fərqlənmə nişanına inkişaf etdiyini və şagirdlərinin akademik uğurlar qazandığını təsdiq etmiş, rəhbərliyin komanda işi, istedad, birlik hissi, maliyyə və qiymətləndirmə kimi konsepsiyalar tətbiq etdiyi, “iPad” və “Mac” sayəsində yaradıcı potensialın, komandada işləməyin və tələbələrdə tənqidi təfəkkürün təşviq edildiyi məktəbləri layiq görür.
Söhbət şagirdlərin gündəlik həyatına texnoloji qurğuların tətbiq edilməsindən, fərqli tədris modelinin işlənib hazırlanmasından, məsələn şagirdlərin XXI əsrin cəmiyyətinə adaptasiya olunmaları üçün öz aralarında kontent yaratmalarından, bunun üçün gərəkli vərdişlərə yiyələnmələrindən gedir.
Məktəblərin işinin qiymətləndirilməsi təhsil ocağının rəhbərliyinin “Apple Distinguished School” proqramına qoşulmaq üçün müraciətindən sonra başlayır. “Apple” müraciətləri nəzərdən keçirir, məktəbin proqrama qoşulma tələblərinə cavab verib-vermədiyini araşdırır və bundan sonra qərar qəbul edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Texnologiya 2020-01-15 21:15:00