×
A
A
A
Sazlamalar

Britaniyalı teleradio mütəxəssisi idman jurnalistikası üzrə magistrlərə intensiv tədris sessiyası keçib

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası magistr proqramı çərçivəsində tədris prosesinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunmaqdadır.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, bu dəfə böyük britaniyalı mütəxəssis, uzun illər BBC-nin baş ofisində studiya meneceri kimi fəaliyyət göstərmiş, hazırda isə Şeffild Hallam Universitetinin Media, incəsənət və kommunikasiya departamentinin baş müəllimi Riçard Vilson idman jurnalistikası magistr ixtisasının birinci kurs tələbələrinə intensiv təlim-tədris sessiyası keçib. Radio jurnalistikası modulu üzrə bir həftəlik proqramda tələbələrə radio jurnalistikanın nəzəri və praktiki tərəfləri, radio müsahibə texnologiyası, efir prodüserliyi, radioda müasir canlı yayım üsulları, radio paketlərin hazırlanması və digər mövzular tədris olunub.
Riçard Vilson bildirib ki, Azərbaycanda bu istiqamətdə tədrisin aparılması olduqca sevindirici haldır. Bu, ümumilikdə qlobal jurnalistika sahəsində ixtisaslaşmanın aparılmasına böyük təkan verəcək. Bundan əlavə, R.Vilson tələbələrin dərslərdə fəallığından, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında dərs prosesinin səmərəliliyi üçün yaradılan şəraitdən də məmnunluğunu ifadə edib.
Qeyd edək ki, idman jurnalistikası magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Təhsil proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Təhsil müddəti bir il yarımdır. Tədris prosesi beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir. İdman jurnalistikası proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir.

İdman 2019-12-14 15:29:00