×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunun tələbələrinə “Vikipediya”da yaratdıqları məqalələrə görə təşəkkürnamə və sertifikatlar verilib

Bakı, 4 dekabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaş və tələbələrinə “Vikipediya”nın Azərbaycan dili bölməsində yaratdıqları və redaktə etdikləri məqalələrə görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk hazırda respublikamızda “Vikipediya” hərəkatının genişləndirilməsi istiqamətində müxtəlif işlər görüldüyünü qeyd edib. Direktor müavini hazırda “Vikipediya” Metodik Mərkəzinin tədris, beynəlxalq təcrübənin öyrənilməsi, monitorinq, məsləhət xidməti, informasiya təminatı təbliğat, elmi-tədqiqat bölmələri üzrə fəaliyyət göstərdiyini deyib. Vurğulayıb ki, mərkəzin könüllüləri Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı müxtəlif məqalələr hazırlayırlar.
Mərkəzi Elmi Kitabxananın baş mütəxəssisi Rövşən Məmmədli ilahiyyat sahəsində məqalələrin hazırlanmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, dini sahədə əldə edilən biliklərin elektronlaşdırılaraq geniş oxucu kütləsinə çatdırılması xüsusi əhəmiyyət daşıyır. O, tələbələrin bu sahədə aktiv olacaqlarına, “Vikipediya”da dini mövzuda yeni məqalələr əlavə edəcəklərinə əminliyini ifadə edib.
Aİİ-nin II kurs tələbəsi Aytac Mustafalı tələbələr adından çıxış edərək, “Vikipediya” könüllüləri olaraq gələcək fəaliyyətlərində dini sahədə məqalələrin hazırlanması və sosial mediada yerləşdirilməsində aktiv iştirak edəcəklərini bildirib.
Qeyd edək ki, təlimlər Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təlimçiləri Aynur Yusifzadə, Səbinə Abızadə tərəfindən keçirilib. Bu müddət ərzində Aİİ-nin “Vikipediya” könüllüləri islamşünaslıq və dinşünaslıq sahələrini özündə əks etdirən 50-dən artıq məqalə hazırlayıblar.

Elm və təhsil 2019-12-04 19:15:00