×
A
A
A
Sazlamalar

“Bakutel 2019”un debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir

Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi (“Bakutel”) 25 illik yubileyini yeni brend və formatda təntənəli şəkildə qeyd edir.
“Caspian Event Organizers” şirkətindən AZƏRTAC-a bildirilib ki, 25 ildir IT məhsul və xidmətlərin nümayişi üçün əsas sahə olan “Bakutel” sərgisi telekommunikasiya sahəsinin aparıcı oyunçularını bir araya gətirir. Sərgi Xəzər bölgəsindəki ən böyük IT sərgisi olmaqla yanaşı, netvorkinq və işgüzar kontaktların qurulması üçün unikal məkandır.

25 illik uğur
•3000 şirkət
•50 ölkə
•25 min ziyarətçi
• Yaradılmış müəssisələr, vacib əlaqə və görüşlər
Yubiley sərgisində 20 ölkədən, o cümlədən Azərbaycan, Çin, Finlandiya, İsveçrə, Ukrayna və digər ölkələrdən 200-dən çox şirkətin iştirakı gözlənilir. Ölkələrinin ticarət palataları və səfirliklərinin dəstəyi ilə ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə və Xorvatiya və digər ölkələrin aparıcı IT şirkətlərindən ibarət milli qruplar sərgidə iştirak edəcəklər.
Yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin geniş çeşidini “Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” kimi aparıcı peyk operatorları təqdim edəcəklər.
Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Sərgi həm iş, həm də gündəlik həyat üçün ağıllı həllər təklif edir. Sərgi iştirakçılarının, habelə təqdim olunan məhsul və xidmətlərin siyahısı ilə linkdən keçərək tanış olmaq mümkündür: https://bakutel.az/az-exhibitorslist/

Dövlət sektorunda IT həllər
Bu il dövlət sektoru sərgidə geniş tərkibdə təmsil olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin stendində nazirliyin tabeliyində olan 9 struktur - “Azərpoçt”, “Azərmarka”, “İnnovasiyalar Agentliyi”, “Aztelekom”, “Azintelekom”, “Bakı Telefon Rabitəsi”, “İnformasiya-hesablama mərkəzi” və sair strukturlar təqdim ediləcək. “Bakutel 2019” sərgisinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyi öz həll variantları ilə sərgiyə qatılıb. Həmçinin “ASAN” və onun “E-GOV” (Elektron hökumət) strukturu da tədbirdə iştirak edəcək. Sərginin ikinci zalında IoT (əşyaların interneti) texnologiyaları təqdim edən şirkətlər yerləşəcək. “Bakutel” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) stendi də təqdim olunacaq.

“Startap Avenyu”
“Bakutel” sərgisi yeniliklərin nümayişi üçün ölkənin ən böyük qovşağıdır. Bu il sərgidə təxminən 50 startapı iştirak edəcək və müxtəlif fəaliyyət sahələri üçün öz layihələrini təqdim edəcək.
Yüksək Texnologiyalar Parkının startapları, həmçinin istər Bakıdan, istərsə də ölkə regionlarından olan startapların da daxil olduğu “İdeyadan biznesə” startap turlarının finalçılarının layihələri təqdim ediləcək. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Bakcell” şirkətinin stendlərində “Barama” və “AppLab” inkubasiya mərkəzləri təqdim ediləcək.

İşgüzar proqram
“Bakutel 2019”un işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda 3 dekabr tarixində müxtəlif maraqlı tədbirlər keçiriləcək.
Dekabrın 4-də “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olacaq və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək.
Həmin gün artıq ikinci dəfə “Bakutel” sərgisi çərçivəsində “Əşyalarin interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr olunmuş “Xəzər İnnovasiya Konfransı” keçiriləcək. Konfransda əşyaların interneti üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu həllərin tətbiqi və istifadəsi üçün hüquqi və tənzimləmə məsələləri müzakirə olunacaq.

“Bakutel Tech Talks”
Sərgi çərçivəsində dekabrın 4-5-də “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək. “Bakutel Tech Talks” 3 sessiyadan ibarət olacaq:
• Dünyanın məşhur IT şirkətlərində çalışan həmvətənlərimizi bir araya gətirəcək “Bizimkilər” sessiyası.
• Öz həyatı və karyeralarını IT sektoru ilə bağlamış Azərbaycan qadınlarına həsr olunan “Women Tech Talks” sessiyası. Sessiyanın sponsoru qismində “Paşa Bank” çıxış edir.
• İşəgötürənlər və tələbələr arasında canlı ünsiyyət formatında IT əmək bazarında peşə, tələb və təklifin aktual problemlərinin müzakirə ediləcəyi “IT üzrə mütəxəssislərin formalaşmasında məktəb və universitetin rolu: çağırışlar və ehtiyaclar” sessiyası.
Artıq ənənəyə çevrilmiş “B2B” formatlı görüşlər dekabrın 5-də keçiriləcək. Bu görüşlər sərgi iştirakçıları və şaquli bazarları təmsil edən şirkətlər arasında işgüzar əlaqələrin qurulması, eləcə də yeni tərəfdaş və innovativ həllərin axtarışı üçün əlavə platforma rolunu oynayacaq.

İlk dəfə möhtəşəm Robopark!
Bakı Ekspo Mərkəzinin foyesində ən yeni robot modelləri nümayiş olunacaq: Las-Veqasdan “Pepper humanoid” robotu, robot balıqlar, dünyada məşhur robot rəssam, müxtəlif sumo, güləş və dron yarışları, kosmo zonası, 6 metrlik uçan astronaft, sizi təəccübləndirəcək 20-dən çox interaktiv zona və ən nəhayət hamının sevimlisi robot pianoçu. Robotları öz gözünüzlə görməyə tələsin.

Təşkilatçılar və rəsmi dəstək
“Bakutel 2019” sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Sərginin baş sponsoru 20 ildən artıq tədbirin iştirakçısı olan “Azercell” şirkətidir. Sərginin sponsoru qismində İsveçrənin “Mitto” şirkəti də çıxış edir. “Bakutel 2019” - daha böyük, texnoloji və parlaq!

İqtisadiyyat 2019-11-25 18:49:00