×
A
A
A
Sazlamalar

BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunan “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların beynəlxalq elmi-praktik konfransı keçirilib.
Konfransda bir çox xarici ölkələrin - Çexiya, Rusiya, Türkmənistan, Qambiya Respublikası, Çin Xalq Respublikası və digər ölkələrin ali təhsil müəssisələrinin, eləcə də ölkəmizin ali məktəblərinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının təmsilçiləri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor Nurlana Əliyeva konfransın keçirilməsinin BSU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı növbəti uğurlu addım olduğunu deyib. Konfransın mövzusunun aktuallığını diqqətə çatdıran rektor bildirib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində xüsusi yer tutur. Bu mövzu yalnız müəllim və tələbələr üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün olduqca vacibdir. Dünən Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü BSU-da yüksək səviyyədə qeyd olundu. 27 il bundan öncə Azərbaycan dünya miqyasında tanınmırdı. Müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin böyük dühası nəticəsində dünya birliyinin layiqli üzvünə çevrilib, ölkəmizin beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və mövqeyi var. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi dayanır. Tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın uzaqgörən və mütərəqqi fəaliyyətləri nəticəsində mədəniyyətlərarası, dinlərarası dialoq mərkəzinə çevrilib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədr seçilməsi və dünya miqyasında siyasi nüfuzunun artması Azərbaycan diplomatiyasının uğurudur.
Rektor çıxışında vurğulayıb ki, ölkəmizdə elm və təhsilin inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu da təbiidir, çünki elm və təhsil cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir. Elm və təhsil, yüksəkixtisaslı kadrlar hər bir ölkənin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas amilidir. Azərbaycanda aparılan təhsil islahatlarının miqyası genişlənir, yeni məzmun və forma kəsb edir, təhsil sistemimiz uğurla Avropa təhsil məkanına inteqrasiya edir. Azərbaycanlı gənclər dünyanın tanınmış, nüfuzlu və aparıcı universitetlərində ali təhsil alırlar. Rektor Nurlana Əliyeva çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev konfrans iştirakçılarını Təhsil Nazirliyinin rəhbərliyi adından təbrik edib və konfransın keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Təhsil eksperti, professor Şahlar Əsgərov və professor Camal Mustafayev konfransın keçirilməsini yüksək qiymətləndiriblər və belə konfransların gənclərin intellekt səviyyəsinin yüksəlməsinə səmərəli təsir göstərdiyini qeyd ediblər.
Konfransın plenar iclasında BSU-nun tələbəsi Elnur Baharov, Həştərxan Dövlət Universitetinin tələbəsi Sabina Velsikaya, Karlov Universitetinin tələbəsi Yuliya Svetlova, Qambiya Respublikasının nümayəndəsi Musa Ceesay çıxış ediblər.
Konfrans öz işini “Azərbaycanın beynəlxalq münasibətlər tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri”, “Yeni dünya nizamı: XXI əsrin çağırışları”, “Azərbaycanın xarici siyasət konsepsiyası və diplomatik əlaqələrinin inkişafında Heydər Əliyev amili”, “İlham Əliyev dövlət başçısı və peşəkar diplomat kimi”, “Azərbaycanın diplomatik xidmət orqanlarının formalaşması və təkamülü prosesi”, “Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi–Azərbaycan”, “Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri”, “Azərbaycan Respublikasında humanitar elmlərin aktual problemləri”, “Azərbaycanın görkəmli diplomatları tarixi mənbələrdə və bədii yaradıcılıqda” bölmələrində davam etdirib.
Bölmə iclaslarında ümumilikdə 209 məruzə dinlənilib.
Konfransın sonunda bölmə moderatorlarının hesabatları dinlənilib və müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə keçirilməsi üçün BSU-da universitetin rektoru, professor Nurlana Əliyevanın sədri olduğu 17 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Elm və təhsil 2019-11-22 13:27:00