×
A
A
A
Sazlamalar

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 27-ci ildönümü münasibətilə noyabrın 20-də YAP Səbail rayon təşkilatının qərargahında konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə YAP-ın ölkəmizin ictimai-siyasi həyatında genişmiqyaslı fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Sonra partiyanın qurucusu, ümummilli lider Heydər Əliyevin və 1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd faciəsi zamanı həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açıq elan edən YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin müasir tarixində mühüm rol oynadığını vurğulayıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərək YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol və bu gün qazandığı möhtəşəm nailiyyətlərdən danışıb. O bildirib ki, YAP-ın yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycanın ən önəmli hadisələri sırasındadır. YAP təkcə Azərbaycan tarixində deyil, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biri hesab oluna bilər.
Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edən E.İbrahimov vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilas yolunu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar 1992-ci ilin oktyabrında Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Xalqın səsini ulu öndər Heydər Əliyevə çatdıran tanınmış ziyalıların bu müraciətinə müsbət cavab verən Ümummilli Liderin rəhbərliyi ilə 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, daha sonra Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Bildirilib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransından sonrakı qısa müddət ərzində respublikamızın bütün bölgələrində rayon təşkilatları yaradıldı. Xalqımız bu partiyaya məhz ulu öndər Heydər Əliyev rəhbərlik etdiyi üçün YAP sıralarına üzv olurdular. Sevindirici haldır ki, bu gün də Heydər Əliyev ideyalarına sadiq qalan Azərbaycan gəncləri partiyaya üzv olur, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, respublikamızın inkişafına mühüm töhfələr verirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov qeyd edib ki, müasir Azərbaycan tarixinin 35 illik dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. E.Əhmədov deyib ki, ulu öndər Heydər Əliyevin sovet dövründə rəhbər vəzifədən uzaqlaşdırıldıqdan sonra ermənilər fəallaşaraq, xalqımıza qarşı ərazi iddialarını açıq şəkildə səsləndirməyə və həyata keçirməyə başladılar. İmperiya rəhbərliyinin qərəzli siyasətinə, sovet ordusunun Bakıda 20 Yanvar qırğını törətməsinə ən sərt formada etirazlarını bildirən ulu öndər Heydər Əliyev bu dövrdə xalqımızın haqq səsini dünyaya çatdıran yeganə şəxsiyyət idi. 1990-cı ildə dahi şəxsiyyətin Naxçıvana qayıtması blokada şəraitində olan muxtar respublikanın işğaldan xilas etdi.
Qeyd olunub ki, Heydər Əliyevin sovet dövründə genişmiqyaslı fəaliyyəti, Naxçıvana rəhbərliyi dövründə xilaskarlıq missiyası müstəqilliyin əvvəllərində Azərbaycanı düçar olduğu dərin böhrandan məhz Ulu Öndərin çıxara biləcəyinə dair xalqda dərin inam formalaşdırmışdı. Məhz xalqın bu inamı və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider xalqımızın müasir inkişafının dərin əsaslarını formalaşdırdı, bu sahədə qətiyyətli addımlar atdı.
YAP Səbail rayon təşkilatının fəal gənci, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-rektoru Cavidan Adilzadə ulu öndər Heydər Əliyevin ideyalarına daim sadiq qalan ölkə gənclərinin YAP-ın sıralarında sıx birləşdiklərini və Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini deyib. Qeyd olunub ki, ölkəmizin bugünkü müasir inkişafında ölkə, o cümlədən YAP gəncləri yaxından iştirak edərək əldə olunan uğurlara öz töhfələrini veriblər.
Konfransa yekun vuran Şəmsəddin Hacıyev vurğulayıb ki, 1992-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin tarixində ən şərəfli hadisələrdən biridir. Ən ağır ictimai-siyasi vəziyyətdə, bütün sahələrdə dərin böhranların yaşandığı, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı vaxtda müxalifət partiyası kimi təsis olunan YAP ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə hakimiyyətə gələrək, Azərbaycanı demokratik, dünyəvi, bütün insan hüquq və azadlıqlarının, qanunun aliliyini təmin edən mütəşəkkil siyasi qüvvəyə çevrildi.
Xüsusi vurğulanıb ki, Ulu Öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın çoxşaxəli inkişaf strategiyasını müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində dünyanın nüfuzlu ölkələri sırasında yer alan Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib.
Ş.Hacıyev bildirib ki, partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəşəkkil inkişaf yolu keçən YAP-ın sıralarında hazırda 750 min üzv var. Bu üzvlərin 44 faizini gənclərin təşkil etməsi partiyanın gələcəkdə də mühüm siyasi qüvvə olacağını deməyə əsas verir.
Tədbirdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi professor Elçin İsgəndərzadə YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevin Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü seçildiyini vurğulayaraq Akademiyanın “Qızıl ulduz” medalını ona təqdim edib.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasında partiyanın ərazi ilk partiya təşkilatının sədri olmuş Yusif Zeynalov bu sahədəki fəaliyyətinə görə təltif olunub.

Daxili siyasət 2019-11-20 13:36:00