×
A
A
A
Sazlamalar

Nikola Yurçeviç: Komandada motivasiya yüksək səviyyədədir

Bakı, 19 noyabr, AZƏRTAC
“Avro 2020”nin qrup mərhələsində son oyunumuzu keçirəcəyik. Turnir cədvəlinə diqqət yetirsək, rəqibin ikinci yeri tutmaq şansı var. Onlar bizi məğlub edib, Uelsdəki matçın heç-heçə başa çatmasını arzulayırlar. Biz də şərəf üçün oynayacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Slovakiya millisinin qonağı olacaq Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç noyabrın 18-də təşkil olunan mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis deyib: “Slovakiya ilə oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün bütün gücümüzü meydanda qoymağa hazırıq. Hazırda aktivimizdə 1 xal var, amma keçirdiyimiz oyunlardan yalnız Slovakiya ilə Bakıdakı görüşdə xal qazanmaq imkanımız olmayıb. Digər qarşılaşmalarda buna yaxın olmuşuq. Hazırda komandada motivasiya yüksək səviyyədədir. Üstəlik, Slovakiya ilə Bakıdakı matçın nəticəsi də komandanı oyuna motivasiya edəcək. Bir sözlə, futbolçularımız peşəkardırlar və nə edəcəklərini yaxşı bilirlər. Heyətdə dəyişikliklərin olacağı istisna deyil. Buna son məşqdən sonra qərar verəcəyik. Maksim Medvedev və Mahir Emrelinin zədə səbəbindən oynamayacağı əvvəlcədən məlum idi. Pavel Paşayev, Dmitri Nazarov və Riçard Almeydanın da zədəsi var. Onların oyunda meydana çıxıb-çıxmayacağı bilinmir”.
Millimizin üzvü Bəhlul Mustafazadə bildirib ki, Slovakiyanın mərhələ adlamaq şansı qalır və bu baxımdan oyun daha çətin keçəcək: “Biz də mübarizə aparacağıq, əlimizdən gələni edəcəyik ki, xal qazanaq. Slovakiya qrupumuzda Xorvatiyadan sonra ikinci ən güclü komandadır”.
Futbolçu deyib: “Marek Hamşik kimi futbolçunun millimizin müdafiə xətti haqda xoş sözlər söyləməsi yaxşıdır. Ancaq uğur qazanmaq üçün bütün komanda çalışır. Təbii ki, istəyimiz qol vurmaq və buradan yaxşı nəticə ilə ayrılmaqdır”.
Qeyd edək ki, Slovakiya-Azərbaycan oyunu noyabrın 19-da Bakı vaxtı ilə saat 23:45-də Trnava şəhərindəki Anton Malatinskiy stadionunda start götürəcək.

İdman 2019-11-19 00:50:00