×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir

Tbilisi, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 27-ci ildönümü tamam olur.
Ölkələrimiz SSRİ-nin tərkibində müttəfiq respublika olublar. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb, möhkəmlənib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Regionun ən yaxın müttəfiqləri

Qətiyyətlə deyə bilərik ki, bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. 

Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
Qeyd edim ki, bu gün Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi, Gəncə şəhəri ilə Kutaisi və Rustavi, Sumqayıt ilə Rustavi, Şəki ilə Telavi və hazırda hər iki ölkənin işğal altında olan Xankəndi ilə Suxumi şəhərləri arasında qardaşlaşma haqqında memorandumlar imzalanıb. Bu şəhərlərin rəhbərləri və ictimaiyyət nümayəndələri arasında görüşlər keçirilir, qarşılıqlı maraq doğuran məsələlər ətraflı müzakirə olunur, birgə layihələr reallaşdırılır.

Gürcü siyasətçilər də iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirirlər

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələr çox qədim tarixə malikdir. Bizim bir sıra ortaq dəyərlərimiz var. Milli mətbəximizdə, mədəniyyətimizdə, incəsənətimizdə çoxlu oxşarlıqlar mövcuddur. 1990-cı illərdə hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəviyə qədəm qoyub. 1992-ci ilin məhz bu günü ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Ötən 27 il ərzində Azərbaycan ilə Gürcüstan bir sıra uğurlara imza atıblar. Dövlətlərimizin başçılarının qətiyyəti və uzaqgörənliyi nəticəsində regionda irimiqyaslı enerji və nəqliyyat layihələri reallaşdırılıb. Bu işlər bu gün də davam edir. Qürur hissi ilə deyə bilərik ki, bu uğurlarımız təkcə Azərbaycan və gürcü xalqlarının deyil, dünya xalqlarının sosial rifah halının yaxşılaşmasına, dövlətlərinin sabitliyinə, təhlükəsizliyinə xidmət edir. Bu, həm də bizim dostluğumuzun, qardaşlığmızın nümunəsidir. Bu nümunə digər xalqlar üçün də bir örnəkdir”.

Hər iki xalqın ortaq problemlərinin olduğunu, hər iki ölkənin torpaqlarının 20 faizinin işğal edildiyini bildirən M.Dərziyev deyib: “Bizim diplomatlarımız, deputatlarımız, vəkillərimiz və digər rəsmilərimiz beynəlxalq arenada bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu da bizim beynəlxalq arenadakı mövqelərimizin möhkəmlənmsinə xidmət edir. Bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, biz bu problemləri də həll edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”.
Politoloq Quram Marxuliya da son 27 ildə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O deyib: “Bu gün biz iki müstəqil dövlət kimi dünyada öz sözümüzü deyə bilirik. Gürcüstan və Azərbaycan dəyanətli müttəfiqlərdir. Ölkələrimiz ciddi islahatlar həyata keçirməyə, əməkdaşlığımızı regionda və dünyada başqa ölkələrlə müqayisədə daha yüksək səviyyəyə qaldırmağa qadir olublar”.
“Mən ürəkdən inanıram ki, Azərbaycan və Gürcüstan arasında xüsusi münasibətlər əvvəlcədən müəyyən olunub və bu da bizim xalqlarımızı sülhə, sabitliyə və daha böyük iqtisadi zənginliyə doğru aparacaqdır”, - deyə Q.Marxuliya vurğulayıb.
Hər iki siyasətçi qeyd edib ki, bu gün müxtəlif qüvvələr ölkələrimiz arasındakı mehriban dostluq və qonşuluq, strateji tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar. Lakin dövlət və hökumət başçılarımızın həyata keçirdikləri siyasət, eləcə də xalqlarımızın müdrikliyi nəticəsində onların bütün cəhdləri boşa çıxıb.

Azərbaycan–Gürcüstan dostluğu bir nümunədir və heç zaman sarsılmayacaq

Bir fikri xüsusi vurğulamaq lazımdır ki, ölkələrimiz arasında çox mühüm layihələrin hazırlanması və həyata keçirilməsi siyasi və təhlükəsizlik məsələləri üzrə daha geniş əməkdaşlığa, ən sonda isə strateji əməkdaşlığa gətirib çıxarıb. Azərbaycan və Gürcüstan güclü regional tərəfdaşlar kimi həm BMT, həm də Avropa İttifaqı və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların hər iki ölkənin təhlükəsizliyi və müstəqilliyi üçün böyük əhəmiyyətə malik çoxtərəfli çərçivələri daxilində birgə və sıx işləyiblər. Bu əməkdaşlıq Aİ, ABŞ, həmçinin Türkiyə tərəfindən fəal şəkildə dəstəklənib. 

Xatırladaq ki, 1995-ci ilin fevralında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb.
2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.
Son 27 ildə iki ölkə arasında 100-dən çox hüquqi sənəd imzalanıb.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xarici siyasət 2019-11-18 17:27:00