×
A
A
A
Sazlamalar

Bakıda II Beynəlxalq Sənaye sərgisi açılıb YENİLƏNİB

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Bakı İdman Sarayında II Beynəlxalq Sənaye Sərgisi “CASPINDEXPO 2019” açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə sərginin əhəmiyyətindən söz açaraq sərgidə İranın ən tanınmış şirkətlərinin iştirak etdiyini diqqətə çatdırıb.
Son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin ilbəil inkişaf etdiyini söyləyən səfir bu əməkdaşlıqdan hər iki ölkənin mənfəət götürəcəyinə əminliyini vurğulayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təmsilçisi Elmar İsayev artıq ikinci dəfədir keçirilən Beynəlxalq Sənaye Sərgisini ölkəmizdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların yeni bir dönəminə təsadüf etdiyini söyləyib. Qeyd olunub ki, son illər iqtisadiyyatın bütün sahələrində olduğu kimi sənayenin inkişafında da mühüm uğurlar əldə edilib, müasir sənaye müəssisələrinin yaradılması və infrastrukturun təminatının yaxşılaşdırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilib.
E.İsayev bildirib ki, “CASPINDEXPO” Beynəlxalq Sənaye Sərgisi yerli və xarici şirkətlərin bir araya gəlməsi, təcrübə mübadiləsinin aparılması, biznes əlaqələrinin genişlənməsi baxımından uğurlu bir platformadır. Xüsusilə də bu sərgi region ölkələri, regionun biznes dairələri arasında əlaqələrin genişləndirilməsinə bir töhfə kimi baxılır.
Sərgi noyabrın 8-dək davam edəcək. Sərgi çərçivəsində noyabrın 7-də Bakı Biznes Mərkəzində yerli və xarici iş adamları və şirkət rəhbərlərinin iştirakı ilə biznes forum keçiriləcək.

Sərgilər 2019-11-06 12:09:00