×
A
A
A
Sazlamalar

Ankarada azərbaycanlı alimin elmi əsərinin təqdimatı olub

Ankara, 1 noyabr, AZƏRTAC

Ankarada “Dağlıq Qarabağda yaşayan Azərbaycan türklərinin taleyi” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirə qardaş ölkənin bir çox universitetindən tarixçilər, tədqiqatçı alimlər və tələbələr qatılıblar.
AZƏRTAC xəbər verir ki, konfransda "Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin sədri, professor Qafar Mehdiyev (Çaxmaqlı) professor Sabri Aydın, tarixçi alimlər – Sərdar Kozaklı, Gizem Özyol və başqaları mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğalçılıq siyasətinin ağır nəticələrinə, eləcə də bu təcavüzkar ölkənin Türkiyəyə qarşı əsassız iddialarına geniş yer verilib.
Professor Qafar Çaxmaqlı diqqətə çatdırıb ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) yaşayan və bu torpağın əsl sahibləri olan Azərbaycan türkləri hazırda ölkəmizin müxtəlif yerlərində qaçqın və köçkün durumunda, ağır şəraitdə yaşamaqdadırlar. Doğma yurdlarını tərk etdikləri vaxtdan xeyli illər keçməsinə baxmayaraq, təcavüzkar Ermənistanın işğalçılıq siyasəti səbəbindən soydaşlarımız Dağlıq Qarabağdakı evlərinə dönə bilmir. Hələ ki problemin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun sülh danışıqları səyləri heç bir nəticə vermir.
Qeyd olunub ki, bu konfransın təşkilində əsas məqsəd Türkiyə əhalisini, xüsusilə elmi ictimaiyyəti mövzu ilə bağlı daha geniş məlumatlandırmaqdır.
Konfrans çərçivəsində Qafar Çaxmaqlı Azərbaycan və ingilis dillərində çap olunmuş “Dağlıq Qarabağda yaşayan azərbaycanlılar” elmi əsərini imzası ilə iştirakçılara təqdim edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Elm və təhsil 2019-11-01 18:40:00