×
A
A
A
Sazlamalar

AzTU-da Cəfər Cabbarlının 120 illiyi qeyd edilib

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) görkəmli yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilmiş “Cəfər təbiətin möcüzəsidir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tanınmış alim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri tədbirdə AzTU-nun rektoru, professor Vilayət Vəliyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə, ədəbiyyata daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Rektor Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. Görkəmli sənətkarın zəngin yaradıcılığından danışan V.Vəliyev onun ədəbiyyatımızın, dramaturgiyamızın, teatr və kino sənətlərinin inkişafında əvəzsiz xidmətləri olduğunu deyib. Qeyd olunub ki, ədibin əsərləri hər zaman aktualdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Tahirə Məmməd ədibin həyat və yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edib. C.Cabbarlının ölməz əsərlərinin əhəmiyyətini diqqətə çatdıran alim onun ədəbiyyatımıza mühüm yeniliklər gətirdiyini, novator sənətkar olduğunu söyləyib.
Digər çıxış edən alimlər də Cəfər Cabbarlının yaradıcılığı ilə bağlı fikirlərini söyləyib, onun yaratdığı ölməz obrazların əhəmiyyətindən, əsərlərinin ideya və məzmunundan bəhs ediblər. Bildirilib ki, görkəmli ədibin yaradıcılığında insan azadlığının və humanizmin tərənnümü əsas yer tutur.
Görkəmli yazıçı və dramaturqun nəvəsi, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Sonra tələbələrin və incəsənət ustalarının təqdimatında Cəfər Cabbarlının şeirləri, sözlərinə yazılmış mahnılar səsləndirilib, dramaturqun ayrı-ayrı pyeslərindən parçalar göstərilib.

Elm və təhsil 2019-11-01 16:43:00