×
A
A
A
Sazlamalar

Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan qohumu Şərqşünaslıq İnstitutunda

Bakı, 1 noybar, AZƏRTAC
Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötücəsi Alban Klod noyabrın 1-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, A.Klod bu elm müəssisəsinin direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Alban Klod Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir. O, həmçinin ana tərəfdən Qacar hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas Mirzənin oğlu Bəhmən Mirzənin, eləcə də görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun nəslindəndir.
Görüşdə Hacı Zeynalabdin Tağıyevin xalqımız üçün gördüyü işlərdən, onun və ailəsinin acı taleyindən, həmçinin A.Klodun nəsillərini davam etdirdiyi digər görkəmli şəxsiyyətlərimizdən söz açılıb.
A.Klod özü Fransada yaşayır və orada tarix üzrə təhsil alıb. Görüşdə ona Hacı Zeynalabdin Tağıyev, eləcə də Qacarlar barədə elmi araşdırmalar aparması tövsiyə olunub. Bildirilib ki, Qacarlarla bağlı tədqiqatların aparılmasında məhz Şərqşünaslıq İnstitutunun ona böyük dəstəyi ola bilər. Ümumiyyətlə, Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq hər iki tərəfə faydalı ola bilər.
Şərqşünaslıq İnstitutunda görüşdən çox məmnun qaldığını bildirən A.Klod gələcək tədqiqatlarında şərqşünas alimlərdən dəstək ala biləcəyinə görə çox sevindiyini söyləyib.

 

Elm və təhsil 2019-11-01 16:22:00