×
A
A
A
Sazlamalar

Neft Mühəndisləri Cəmiyyətinin regional çempionatları Bakıda keçiriləcək

Bakı, 21 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov paytaxtımızda səfərdə olan Neft Mühəndisləri Cəmiyyətinin (SPE) prezidenti Şauna Nunan ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elmar Qasımov Cəmiyyətin fəaliyyətini, Azərbaycanla, xüsusilə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığını yüksək qiymətləndirib. Xatırladıb ki, Neft Mühəndisləri Cəmiyyətinin təşkilatçılığı ilə Regional Tələbə İnkişafı Sammiti artıq bir neçə dəfədir Bakı Ali Neft Məktəbində keçirilir. BANM-də də bir neçə il əvvəl Neft-Qaz Mühəndisləri Cəmiyyəti yaradılıb və hazırda uğurla fəaliyyət göstərir.
Bakı Ali Neft Məktəbinin fəaliyyəti barədə məlumat verən Elmar Qasımov BANM-in Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli müvafiq Fərmanı ilə SOCAR-ın strukturunda yaradıldığını söyləyib. O, ali məktəbdə ingilis dilində Böyük Britaniyanın Heriot Vatt Universitetinin proqramlarına uyğun tədris həyata keçirildiyini diqqətə çatdırıb. Həmçinin məlumat verib ki, Cenevrə Biznes Mərkəzi ilə əməkdaşlıq çərçivəsində biznesin idarəedilməsi üzrə magistratura pilləsində kadr hazırlığı həyata keçirilir.
Son illər mühəndislik ixtisasları üzrə təhsil alanların sayının artığını vurğulayan rektor onların arasında qızların xüsusi çəkiyə malik olduğunu deyib.
Bütün dünya üzrə Neft Mühəndisləri Cəmiyyəti üzvlərinin 17 faizinin qadınlardan ibarət olduğunu bildirən xanım Nunan qeyd edib ki, SPE-nin 62 il ərzində 5 qadın prezidenti olub. O, həmçinin SPE-nin regional sammitlərinin Bakıda yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.
“Regional sammitlər bir çox ölkələrdən olan tələbələrin inteqrasiyası ilə yanaşı, onların gələcək karyeralarının inkişafı baxımından da önəmlidir. Müşahidələr göstərir ki, tələbələr beynəlxalq tədbirlərdə iştirak etdikdə onların bilikləri daha da zənginləşir və faydalı təcrübələr əldə edirlər”, – deyə SPE prezidenti qeyd edib.
Sonda Neft Mühəndisləri Cəmiyyətinin regional çempionatlarının Bakıda keçirilməsi qərara alınıb.
Xatırladaq ki, qeyri-hökumət təşkilatı olan Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, dünya neft sənayesinin təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərin aparılması, nəticələrin təqdim edilməsi istiqamətində kömək etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.

Elm və təhsil 2019-10-21 12:14:00