×
A
A
A
Sazlamalar

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Hərbçilərin Dünya Oyunlarının yarımfinalında

Pekin, 20 oktyabr, AZƏRTAC

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarının cüdo yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 20-də 90 kiloqramadək kişilərin yarışında mübarizə aparan hərbçi idmançımız Məmmədəli Mehdiyev ilk turda Bəhreyn idmançısı Cəmşid Qələndərovu məğlub edib. Növbəti mərhələdə ispaniyalı Kulebras Tallon Serxioya, 1/4 final mərhələsində isə polşalı Kuzera Pyotra ipponla qalib gələrək yarımfinalda yarışmaq hüququ qazanıb.
Cüdo yarışlarındakı digər təmsilçilərimizdən Hidayət Heydərov (-81kq) 1/32 final mərhələsində rusiyalı Alan Xubestova qalib gəlsə də, 1/16 final mərhələsində Cənubi Koreya idmançısı Li Sunq Hoya məğlub olub. Hidayət Heydərov təsəlliverici yarışların ilk turunda serbiyalı Milos Simonoviçə, ikinci turda isə polşalı Damyan Şvarnoveykiyə ipponla qalib gəlib. Hidayət 3-cü yer uğrunda təsəlliverici görüşlərini davam etdirir.
Digər təmsilçimiz Elmar Qasımov (-100kq) ilk görüşündə Çili idmançısı Oskar Alarkona ipponla qalib gəlib. Lakin 1/4 final mərhələsində fransız Olivar Sedrikə məğlub olaraq, təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcək.
Hərbçilərin 7-ci Dünya Oyunlarının boks yarışındakı təmsilçimiz Sərxan Əliyev (60-64 kq) ilk görüşündə Şri-Lanka idmançısı Racakaruna Bandaraya 5:0 hesabı ilə qalib gəlib. Sərxan Əliyev növbəti görüşünü oktyabrın 21-də braziliyalı Olivyera Vandersona qarşı keçirəcək.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

İdman 2019-10-20 11:15:00