×
A
A
A
Sazlamalar

DİA-da Dövlət Müstəqilliyi Gününə həsr olunan elmi-praktik konfrans

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ötən 28 il ərzində Azərbaycanda əldə edilən nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. Qeyd edib ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.
U.Ələkbərov vurğulayıb ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edildi. Həmçinin ictimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı. Dövlət müstəqilliyinin ilk illərində “Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən Ümummilli Liderin Azərbaycanın qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Elmi-praktik konfransda Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov çıxış edərək dövlət müstəqilliyimizin bərpası uğrunda gedən mübarizələrdən, əldə olunan uğurlardan bəhs edib. Professor müasir müstəqil dövlətimizin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında dahi rəhbər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Alim ölkəmizdə qazanılan nailiyyətlərin ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyib.
DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı, professor Xatirə Hüseynova, tarix kafedrasının professoru Musa Quliyev və digər çıxış edənlər 28 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirib, ölkənin əldə etdiyi uğurlar barədə fikirlərini bölüşüblər.

Elm və təhsil 2019-10-18 11:42:00