×
A
A
A
Sazlamalar

Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar

Kiyev, 17 oktyabr, AZƏRTAC

Ukraynada yaşayan azərbaycanlı gəncləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkmək təşəbbüsünə qoşulur və dəstəkləyir. Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva söyləyib.
“Böyük Azərbaycan şair və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə bağlı bir gündə 650 ağac əkmək təşəbbüsü Nəsimi yaradıcılığının ruhuna uyğundur. Çünki Nəsiminin yaradıcılığında mərkəzi yerlərdən birini də insan, onun mahiyyəti və daxili fəlsəfəsi tutur. Ətraf mühitin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması isə insan sağlamlığına xidmət edir, bir insanın həyat dövrünü və mənəvi inkişaf yolunu simvollaşdırır. Bu təşəbbüs həm də ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə, dünyanın ekoloji mühitinin qorunmasına ciddi bir töhfədir”, - deyə İ.Allahverdiyeva bildirib.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək. Bu təşəbbüs dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Ekologiya 2019-10-17 11:14:00