×
A
A
A
Sazlamalar

İxtisaslaşdırılmış kurslar seçkilərin demokratik və şəffaf keçirilməsində mühüm rol oynayır

Bərdə, 16 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC 

Regionlarda keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar Dairə Seçki Komissiyasının üzvlərinin və məntəqə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərinin artırılmasında, həyata keçirdikləri hər bir seçki hərəkətinə məsuliyyətlə yanaşmalarında, seçkilərin demokratik və şəffaf keçirilməsində mühüm rol oynayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı oktyabrın 16-da Bərdə rayonunun ərazisində fəaliyyət göstərən 93 və 94 saylı seçki dairələrində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kursların ikinci günündə səsləndirilib.
Kurslarda DSK-ların sədrləri Şakir Əliyev və Namiq Quliyev bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələrindən və fəaliyyətlərinin təşkilindən danışıblar.
Sonra Mərkəzi Seçki Komissiyasının nümayəndələri Fərid Orucov, Alfred Fazilov "Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzusunda çıxış ediblər.
Kurslarda “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzusunda da məruzə dinlənilib.
İştirakçıların fəallığı şəraitində keçən ixtisaslaşdırılmış kursların ikinci günündə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinə müvafiq tövsiyələr verilib, onların sualları cavablandırılıb, vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquqları barədə fikir mübadiləsi aparılıb.

Regionlar 2019-10-16 14:23:00