×
A
A
A
Sazlamalar

ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Almaniya Bundestaqının ölkənin universitetləri ilə birgə təşkil etdiyi Beynəlxalq Parlament Təqaüdü proqramı Bundestaq üzvünün yanında 15 həftəlik fəaliyyət ərzində AFR parlament sistemi və siyasi qərarvermə prosesləri ilə tanış olmaq və qanunverici orqanın işi sahəsində praktik təcrübə qazanmaq imkanı yaradır.
Bu fikri Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla ilə görüşündə Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Andreas Hohlt səsləndirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Andreas Hohlt 120-yə yaxın gəncin müraciət etdiyi proqrama 9 azərbaycanlı gəncin seçiləcəyini diqqətə çatdırıb. O, həmçinin ADU-nun Almaniya təhsil müəssisələri ilə münasibətdə seçilmiş universitet olduğunu söyləyib.
Qonaq təqaüd proqramının təqdimat mərasiminin ADU-da keçirilməsi ilə bağlı təklif irəli sürüb.
Kamal Abdulla təklifi yüksək qiymətləndirib, təqaüd proqramının Almaniyanın təbliği istiqamətində böyük rol oynayacağını deyib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan rektor sonuncu kurs tələbələrinin pedaqoji və istehsalat təcrübəsi zamanı Almaniyanın bir sıra məktəbləri ilə danışıqlar aparıldığını söyləyib. O, Almaniya səfirliyi ilə ADU arasında əlaqələrin yüksək səviyyədə qurulmasından da söz açıb.
Görüşdə iki ölkənin universitetləri arasında əməkdaşlıq məsələləri, tələbə-müəllim mübadiləsi müzakirə olunub.

Elm və təhsil 2019-10-16 14:11:00