×
A
A
A
Sazlamalar

Torpaq daşınması zamanı ekoloji tələblərə əməl etməyən şirkətə “məcburi göstəriş” verilib

Bakı, 15 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Göyçay rayonunun ərazisində süxur qarışığının qanunsuz daşınması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı Ucar-Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə qarışıq süxurun daşınmasının rəsmi icazə və müvafiq sənədləşmə çərçivəsində “Körpü Bina Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sifarişi əsasında “Azpolt” MMC tərəfindən həyata keçirildiyi məlum olub. Lakin torpaq daşınması zamanı ekoloji tələblərə əməl olunmadığı, yük avtomobillərinin yük yerinin lazımi toz buraxmayan üzlüklə örtülmədiyi və nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan tozun ətrafa yayıldığı aşkarlanıb. Çatışmazlıqların aradan qaldırılması məqsədilə iş icraçısı “Azpolt” MMC-yə icrası məcburi olan müddətli göstəriş verilib.

Ekologiya 2019-10-15 16:47:00