×
A
A
A
Sazlamalar

Miroslav Layçak: Yaxın günlərdə Slovakiyanın Azərbaycanda səfirliyi açılacaq VİDEO

Nyu-York, 28 sentyabr, AZƏRTAC

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü iclası çərçivəsində Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri Miroslav Layçak ilə görüşüb.
Nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb və əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər. Nazir M.Layçak yaxın günlərdə Slovakiyanın Azərbaycanda səfirliyinin açılacağını bildirib.
Daha sonra tərəflər ATƏT-in fəaliyyətdə olan sədri qismində Slovakiyanın fəaliyyəti, eləcə də qarşıdan gələn Bratislava Nazirlər görüşü barəsində fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü, yüksək səviyyəli tədbirlə bağlı hazırlıq işlərinin görülməsi, Azərbaycanın bu Hərəkata sədrliyi məsələləri ilə bağlı həmkarına məlumat verdi.
Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin cari vəziyyəti, iki ölkənin Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən Nyu-York görüşü barədə həmsöhbətinə ətraflı məlumat verən nazir Elmar Məmmədyarov məhz Ermənistan rəhbərliyinin məsuliyyətsiz mövqeyi və bəyanatlarının danışıqların irəlilədilməsinə ciddi maneə olduğunu vurğulayıb.
Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York

Xarici siyasət 2019-09-28 07:30:00

Video