×
A
A
A
Sazlamalar

“Xəzəri qoruyaq” şüarı altında təmizlik aksiyası keçirilib YENİLƏNİB VİDEO

Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” şüarı altında təmizlik aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN xidmət”, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.
Yüzlərlə iştirakçının qoşulduğu bu tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev belə aksiyaların geniş vüsət aldığını qeyd edib. Nazir bütün dünyada bu cür kampaniyaların keçirildiyini diqqətə çatdırıb. Nazirliyin belə aksiyalarda hər zaman aktiv olduğunu vurğulayan Muxtar Babayev təşəbbüsə qoşulanlara minnətdarlığını bildirib.
Bu cür tədbirlərin keçirilməsini gözəl təşəbbüs adlandıran Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizin dünyada rəmzi məna daşıyan günlərlə bağlı tədbirlərdə aktiv iştirak etdiyini qeyd edib: “Yay ayları ərzində, çimərlik mövsümündə çirkləndirilən ərazilərin təmizlənməsinin zamanıdır. Çimərlik mövsümü başa çatdıqdan sonra sahilyanı ərazilərin təmizlənməsinin böyük rəmzi mənası var. Bu gün keçirilən aksiyada 500-dən çox ASAN Könüllüsü də iştirak edir”.
Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, təmsil etdiyi qurum gələcəyin təmiz və yaşıl olması barədə düşünür və bu istiqamətdə tədbirlər görür.
“Plastik torbalar cəmi 15 dəqiqə ərzində istifadə olunur və atılır. Plastik qab və torbaların çürüməsinə 100 ildən çox vaxt lazımdır. Həmin tullantılar dəniz canlılarının, balıqların qidasına çevrilir, sonra isə həmin balıqları özümüz və uşaqlarımız yeyir. Bu gün bura yığışmaqda məqsədimiz təbiəti qorumaq, bu istiqamətdə maarifləndirməni artırmaqdır. Biz həm plastik qab və torbalardan istifadəni azaltmağa, həm də sahillərin təmiz olmasını təmin etməyə çalışmalıyıq. Bu il təmizlik aksiyasına keçən ildəkindən çox iştirakçı qatılıb. Ümid edirəm gələn il daha çox könüllü sahillərin təmizlənməsinə öz töhfəsini verəcək", - deyə K.Yankauskas qeyd edib.
Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ölkəmizdə belə aksiyada iştirak etməkdən məmnunluğunu bildirib.
Qeyd edək ki, hər il sentyabrın 21-də dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. Azərbaycanda Beynəlxalq Sahilyanı Təmizlik Günü 9 ildir qeyd olunur. Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır.

Ekologiya 2019-09-21 11:56:00

Video