×
A
A
A
Sazlamalar

Türkiyədən gəlmiş qazilər Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə “Yallı” halayına qoşulublar

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 101-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən təntənəli mərasimdə Türkiyədən gəlmiş veteranlar da iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Qarnizonundakı hərbi hissələri, qoşunları təmsil edən əsgər və zabitlər, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları Türkiyə səfirliyində Mustafa Kamal Atatürkün və Nuru Paşanın abidələrini ziyarət edib, Nuru Paşa salonu ilə tanış olublar.
Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları ilə bəzədilmiş amfiteatrda əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Hərbi orkestr Türkiyədən gəlmiş qaziləri, istefada olan türk paşalarını, Türkiyə Silahlı Qüvvələrinin və Azərbaycan Ordusunun rəsmilərini, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələrini 101 il öncənin əsgər mahnıları və marşları ilə qarşılayıb.
Layihənin müəllifi, Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani 1918-ci ilin 15 sentyabr gününü Bakının qurtuluş günü olduğunu vurğulayaraq, bu günün ölkəmizin XX əsr tarixinə şanlı hərflərlə yazıldığını qeyd edib: “101 il əvvəl Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan və Türkiyə əsgərlərinin, zabitlərinin qəhrəmanlığı, rəşadəti nəticəsində Bakı tamamilə azad olundu. Tarixi düşmənlərimizin arzuları gözlərində qaldı, onlar mənfur niyyətlərini həyata keçirə bilmədilər. Müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətini beşiyindəcə boğmaq istəyən nankor qüvvələr qəhrəman mehmetciyin və Azərbaycan Ordusunun ilk döyüşçülərinin qarşısında duruş gətirə bilmədilər. Neçə-neçə şəhidlər verilsə də, Qafqaz İslam Ordusunun əsgər və zabitləri ruhdan düşmədilər və bir addım da olsun geri çəkilmədilər.
Bakının işğaldan azad edilməsi günü sevinci və kədəri bir olan bir millət-iki dövlətin, Azərbaycan və Türkiyə xalqlarının müştərək zəfər bayramı günüdür. Bakının qurtuluşundan əsrdən artıq vaxt ötsə də xalqımız “Qan ilə qazandıq zəfəri, verməyiz əldən!” şüarı ilə vuruşmuş türk və azərbaycanlı əsgərlərin xatirəsini həmişə əziz tutur, onları minnətdarlıqla yad edir. Biz 101 il əvvəl olduğu kimi, 15 sentyabr gününü bu gün də birlikdə qeyd edir, gələcəkdə də əziz bayram kimi qeyd edəcəyik. Bu, heç kimdə şübhə doğurmamalıdır”.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, ulu öndər Heydər Əliyevin, Nuru Paşanın, həmçinin hər iki ölkənin şəhidlərinin xatirəsi sayğı duruşu ilə yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himnləri ifa olunub.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral təntənəli mərasimin iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. O, tədbirin təşkilində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və təşkilatçılara minnətdarlığını bildirib.
Səfir qeyd edib ki, Bakının işğaldan azad edilməsi bütün türk dünyası və onun gələcəyi üçün tarixi bir hadisə idi. Qarşılıqlı münasibətlərimiz baxımından deyil, həm də dünya tarixi üçün önəmli hadisə olan Bakının işğaldan azad edilməsi Azərbaycan və Anadolu türklərinin qardaşlığının, birliyinin, həmrəyliyinin bariz nümunəsi idi. Birinci Dünya müharibəsinin başa çatmasından sonra Osmanlı imperiyası son günlərini yaşamasına, parçalanmaq təhlükəsi ilə üzləşməsinə baxmayaraq, ən yaxşı əsgərlərini Azərbaycana köməyə göndərdi. Onlar qardaş köməyinə gəldilər, döyüşdülər, yaralandılar, şəhid oldular. Ancaq qarşılarına qoyduqları məqsədə çatdılar. Bakı və ətraf rayonlar işğaldan azad edildi.
Sonra E.Özoral Türkiyədə Qurtuluş savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin dünya xəritəsindən silinməsinə qarşı mübarizədə böyük dəstək olmuş Nəriman Nərimanovun bu köməyin əvəzini verməyi təklif edən Mustafa Kamal Atatürkə “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşın əlindən tutar” cavabını xatırlayıb və bunun bir ənənə, örnək olduğunu bildirib.
Səfir ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamının hər iki ölkənin vətəndaşları üçün şüar olduğunu, bu qardaşlığın Azərbaycan və Türkiyə respublikalarının prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün də uğurla davam etdirildiyini söyləyib.
İstefada olan general-leytenant Yaşar Aydəmirov, general-mayor Rasim Əliyev çıxışlarında Nuru Paşanı və onun qəhrəman əsgərlərini ehtiramla yad edib, Türkiyə təmsilçilərinə minnətdarlıqlarını bildirib və tədbir iştirakçılarına Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikini çatdırıblar.
Türk qaziləri adından çıxış edən Anadolu Aydınlar Ocağının rəhbəri, istefada olan polkovnik, professor İbrahim Öztek Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyi şeirini oxuyub.
Çıxışlardan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, “Səma” rəqs qrupunun və incəsənət ustalarının iştirakı ilə “Bir ürəkdə iki can - Türkiyə-Azərbaycan” adlı ədəbi-bədii proqram təqdim olunub.
Bakının qurtuluşu gününə həsr olunmuş təntənəli mərasimdə Türkiyədən gəlmiş, yaşları 80-90-ı haqlamış türk qaziləri “Yallı” halayına qoşulub, “Nuru Paşa”, “Çırpınırdın Qara dəniz”, “Qardaşlıq türküsü” mahnılarını ifa ediblər.
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümünə həsr olunmuş təntənəli mərasim Azərbaycan-Türkiyə qardaşlığının nümayişinə çevrilib.

 

Ordu 2019-09-16 16:45:00