×
A
A
A
Sazlamalar

Basketbol üzrə ABŞ yığması Dünya Kubokunda yeddinci yeri tutub

Bakı, 14 sentyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının basketbol üzrə kişilərdən ibarət yığma komandası Çinin Pekin şəhərində keçirilən Dünya Kubokunun yeddinci yer uğrunda matçında Polşa komandasına 87:74 hesabı ilə qalib gəlib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, görüşün ən məhsuldar oyunçusu polşalı Mateuş Ponitka (18 xal) olub. ABŞ yığmasının heyətində Donovan Mitçell aktivinə ikiqat (“double-double”) nəticə yazdıraraq (16 xal + 10 ötürmə) 1994-cü ildən bəri dünya kuboku oyununda 15-dən yuxarı xal toplayan və 10-dan artıq ötürmə edən ilk amerikalı idmançı olub.
ABŞ yığması turnirdə iki dəfə - dörddəbir finalda Fransa yığmasına (79:89) və beşinci yer uğrunda oyunda Serbiya komandasına (89:94) məğlub olub. Amerikalılar dünya birinciliyi tarixində özlərinin ən pis nəticələrini göstəriblər. Bundan əvvəlki antirekord – altıncı yer 2002-ci il turnirində qeydə alınıb.
ABŞ yığması 18-ci dəfə Dünya Kubokunda (əvvəlki adı dünya çempionatı) iştirak edib, 5 dəfə turnirin qalibi, 3 dəfə gümüş, 4 dəfə bürünc mükafatçısı olub, hərəsi iki dəfə olmaqla dördüncü və beşinci yerləri tutub. Amerikalılar, həmçinin 2002-ci ildən bəri ilk dəfə olaraq yarımfinala düşməyiblər, həmin turnirdə onlar sonuncu dəfə iki təkbətək oyunu ardıcıl uduzublar (ikinci qrup raundunun sonuncu oyununda Argentina yığmasına və dörddəbir finalda Yuqoslaviya komandasına).
Polşa yığması dünya birinciliklərində ikinci dəfə iştirak edib. 1967-ci ildə polyaklar beşinci yeri tutublar.
Turnirin qızıl medalları uğrunda Argentina və İspaniya yığmaları mübarizə aparacaq. Fransa və Avstraliya komandaları isə üçüncü yer uğrunda qarşılaşacaqlar. Oyunlar sentyabrın 15-də keçiriləcək.

İdman 2019-09-14 16:16:00