×
A
A
A
Sazlamalar

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının podium məşqlərinə start veriləcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakının ev sahibliyi edəcəyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının əksər iştirakçıları artıq ölkəmizdədir. Sentyabrın 14-də dünya çempionatının podium məşqlərinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300-dən artıq gimnast birincilik uğrunda mübarizə aparacaq.
Sentyabrın 16-dan 22-dək Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

İdman 2019-09-13 17:50:00