×
A
A
A
Sazlamalar

Azərbaycan taekvondoçuları Yaponiya Qran-Prisində səkkiz idmançı ilə təmsil olunacaqlar

Bakı, 10 sentyabr, AZƏRTAC 

Azərbaycanın taekvondo üzrə milli komandası Qran-Pri turnirində iştirak etmək üçün Yaponiyaya yollanıb.
AZƏRTAC xəbər verir ki, komandamız sentyabrın 13-15-də bu ölkədə təşkil ediləcək G4 kateqoriyalı turnirə səkkiz idmançı ilə qatılacaq.
Millinin heyətində Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Cavad Ağayev (hər ikisi 68 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov və Radik İsayev (80 kq yuxarı) yer alıb.
Qadınlardan isə ölkəmizi Fəridə Əzizova (67 kq) və Patimat Abakarova (49 kq) təmsil edəcəklər. Yığmamız turnirə baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə qatılacaq.
Növbəti Qran-Pri yarışları oktyabrın 18-20-də Bolqarıstanın paytaxtı Sofiyada, final mərhələsi isə dekabrın 6-7-də Moskvada keçiriləcək.
Turnirin qalibi aktivinə 40 reytinq xalı əlavə edəcək.
Taekvondoçularımız Vətənə sentyabrın 17-də qayıdacaqlar.

 

İdman 2019-09-10 11:56:00