×
A
A
A
Sazlamalar

“Ülvi gəncliyin sirləri” kitabı nəşr olunub

Bakı, 9 sentyabr, AZƏRTAC 

Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Ülvi gəncliyin sirləri” kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru Türkiyənin İstanbul 29 May Universitetinin professoru Süleyman Xeyri Bolay, redaktoru isə Şəhla Məcidovadır.
Nəşrdə gənc yaşlarında tarixdə iz qoya bilmiş peyğəmbərlərin, sərkərdələrin, tarixi şəxsiyyətlərin, şairlərin, mifik qəhrəmanların həyat və fəaliyyəti əsasında gəncliyin əhəmiyyətli xüsusiyyətinin fəlsəfi şərhi verilib. Müəyyən qanunauyğunluğu izləmək məqsədilə tədqiqat üç əsas istiqamət - zaman, din və reallıq üzrə aparılıb. Belə ki, gəncliyin dəyişilməz prinsiplərini göstərmək və təhlil etmək üçün burada qədim və müasir dövr, dini və ictimai sahələr, real şəxsiyyətlər və mifik qəhrəmanlar yer alıb.
Kitabda Azərbaycanda artıq kifayət qədər məlum olan və tədqiq edilən dini və tarixi şəxsiyyətlərlə yanaşı, ilk dəfə Yeremiya peyğəmbər, Fateh Sultan Məhməd, uyğur şairi Lütfullah Mütəllib və digər şəxsiyyətlər də araşdırılıb ki, bu da gələcək tədqiqatlar üçün bir ideya mənbəyi rolunu oynaya bilər.
Vəsait geniş oxucu kütləsi, xüsusilə gənclər üçün nəzərdə tutulur.

Elm və təhsil 2019-09-09 17:28:00