×
A
A
A
Sazlamalar

Yağış nəticəsində respublikanın çaylarında sululuq artıb

Bakı, 2 sentyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla onun 100-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla onun 50-90 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 116 kubmetrdir ki, bu da ongünlük normaya yaxın olmaqla onun 95 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 10 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 15 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 36 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 80 faizini təşkil edir.
Sentyabrın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 334 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 83 santimetrə bərabər olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 45 santimetr olub. Salyanda suyun səviyyəsi 1 santimetr azalıb və 102 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 4 santimetr azalaraq 153 santimetr olub.

Ekologiya 2019-09-02 18:40:00