×
A
A
A
Sazlamalar

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu: Sevinirəm ki, BDU-ya qəbul olunmuşam

Bakı, 23 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinə (BDU) hər il yüzlərlə, minlərlə tələbə qəbul olunur. Ancaq bu il universitet ən sevincli günlərini yaşayır. Ona görə ki, məhz Cocuq Mərcanlıdan - işğaldan azad olunmuş kənd məktəbinin ilk buraxılışının məzunlarından bir neçəsi bu ali məktəbin tələbəsi adını qazanıb.
Bu barədə AZƏRTAC-a BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, bu il BDU-ya qəbul olunan tələbələrdən biri Cocuq Mərcanlı məktəbinin şagirdi Türkanə Mehdiyevadır. O deyib: “Mən anadan olanda Cocuq Mərcanlı işğal olunmuşdu, oranı heç vaxt görməmişdim. Sonra dedilər ki, Prezidentimiz bizim kəndimizə səfər edib. Bir az uşaq olsam da, yadıma gəlir, valideynlərim, mən də çox sevindim. Mən Biləsuvar rayonunda oxuyurdum, heç vaxt inanmazdım ki, orta məktəbi Cocuq Mərcanlıda bitirərəm... Həm də bu gün çox sevinirəm ki, tələbə adını qazanmışam. Çox sevinirəm ki, BDU kimi köklü bir ali təhsil ocağına qəbul olunmuşam”.
Cəbrayıl rayon Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyevin 38 yaşı var. Cocuq Mərcanlı kəndi işğal olunanda Zamin müəllimin təxminən 8-9 yaşı vardı. O da Türkanə kimi inamlı danışır. Məktəb şəhid Novruz Aslanovun adını daşıyır. Zamin müəllim işğaldan azad olunmuş məktəbin ilk direktorudur. O, məktəbə 2017-ci ilin sentyabrından rəhbərlik edir. Və qeyd etdiyimiz kimi, kənd məktəbi işğaldan azad olunduqdan sonra onun məzunlarının biri Bakı Dövlət Universitetinin fizika, o biri Azərbaycan Dövlət Pedaqoji Universitetinin informatika fakültəsinin, digərləri isə kollec tələbəsi adını qazanıb.
Cocuq Mərcanlı kənd məktəbini bir çox qurumlar, o cümlədən Bakı Dövlət Universitetinin kollektivi ziyarət edib. Bununla bağlı Zamin müəllim bildirib: “Bu ilin may ayında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və təhsil müəssisəsinin kollektivi Cocuq Mərcanlıya gəlmişdi. Elçin müəllimin təşəbbüsü ilə Cocuq Mərcanlı kənd məktəbində təhsil alan şagirdlərə dərs ləvazimatları, coğrafiyaya aid fiziki xəritələr, qlobus, atlaslar, kompüter dəsti, mikroskop, fizika laboratoriyası üçün cihazlar, ingilis dili ləvazimatları, dəftər, qələm və s. gətirilmişdi. Bir də üzərinə “Bakı Dövlət Universitetinin tədris otağı” yazılan, məktəbimizin əsas sinif otaqlarından biri üçün nəzərdə tutulmuş bir lövhə. Göstərilən bu diqqət bizim şagirdlərimiz üçün böyük stimul oldu. Bu gün Türkanənin timsalında onun nəticəsini görmüş olduq”.
Zamin Həziyev deyib ki, Azərbaycanın köklü universiteti ilə döyüş bölgəsi məktəbinin bu cür əlaqəsi olduqca təqdiredici haldır. Xüsusən, universitetin 100 illiyi ərəfəsində rektor Elçin Babayevin məktəblə mütəmadi əlaqəsi, diqqət və qayğısı məktəb şagirdlərini sevindirir, qürrələndirir.
“Məktəb döyüş bölgəsində - sərhəddə yerləşir. Biz uşaqlara tarixdən, ədəbiyyatdan dərs keçdiyimiz yerdə bir də görürsən, atəş səsləri gəldi. Biz həmişə öyrətməyə, şagirdlərimiz isə hər zaman oxumağa hazırdır. Azərbaycanın güclü ordusuna güvənirik, ona görə belə rahatıq”, - deyə Zamin müəllim bildirib.
Məktəbdə ingilis, rus dilləri ən yüksək səviyyədə tədris olunur.
Universitet kollektivi Cocuq Mərcanlı kənd məktəbində olarkən Zamin müəllim belə bir ifadə işlətmişdi: “Vaxtilə ermənilər tərəfindən yandırılmış Cocuq Mərcanlı məktəbini indi körpə gülüşləri, şagird səsləri bəzəyir”. Bu gün isə Türkanənin və tələbə adı qazanmış digər Cocuq Mərcanlı gənclərinin simasında tələbə səsləri...

 

Elm və təhsil 2019-08-23 15:10:00