×
A
A
A
Sazlamalar

Tatarıstanda “WorldSkills” standartları üzrə peşə ustalığına dair 45-ci dünya çempionatına start verilir

Kazan, 22 avqust, Əziz Məmmədov, AZƏRTAC

Bu gün Tatarıstanın paytaxtında “WorldSkills Kazan-2019” peşə ustalığı üzrə dünya çempionatı başlayır.
AZƏRTAC-ın Kazana ezam olunmuş müxbiri xəbər verir ki, çempionatın açılış mərasimindən əvvəl mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən “WorldSkills” təşkilatının prezidenti Saymon Bartli deyib: “Biz Kazanda hər gün peşə ustalığının köməyi ilə nələrə nail olmaq barədə müşahidələr aparacağıq. Burada iştirak edən oğlanlar və qızlar artıq öz-özlüyündə çempion sayılırlar. Lakin onlar əllərində alətlər tutaraq və mükəmməl bir şeyin yaradıcılığı prosesində vahid bir komanda kimi öz sözlərini deyəcəklər”.
Təşkilatın prezidenti xatırladıb ki, “WorldSkilis” dünya çempionatı Rusiyada və MDB məkanında ilk dəfədir ki, keçirilir. O əlavə edib: “Çempionatda ustalığı qiymətləndirəcək, gənc mütəxəssislərin xidmətlərini qeyd edəcək və minlərlə gənci onların elmi ixtisasına əlavə olaraq alternativ peşə təhsili almağa həvəsləndirəcəyik. “WorldSkills Kazan-2019” çempionatının finalçılarını qızıl, gümüş və bürünc medallarla təltif edəcəyik. Mükafatlandırma mərasimi tədbirin bağlanışı günü – avqustun 27-də “Kazan Arena” stadionunda keçiriləcək. Yarışlarda 700 baldan yuxarı nəticə əldə edənlərə “WorldSkills” çempionatlarının fərqləndirici mükafatı – peşəkarlığa görə medalyon təqdim ediləcək. Bu mükafat beynəlxalq ictimaiyyət tərəfindən çempionatın iştirakçısını peşəkarlığının qiymətləndirilməsidir”.
Rusiya Baş Nazirinin müavini və çempionatın Təşkilat Komitəsinin sədri Tatyana Qolikova deyib: “Rusiyanın “WorldSkills Kazan-2019” çempionatının təşkilinə göstərdiyi səylər təkcə maliyyələşdirmə və infrastruktur yaradılmasından ibarət deyil. Mənim üçün xüsusilə mühüm olan odur ki, Rusiya Federasiyası bizim bu ilk “ev” müsabiqəsində yenilikçi olaraq qalsın və çempionata öz ideyalarını bəxş etsin”.
Onun sözlərinə görə, “WorldSkills Kazan-2019” çempionatında 63 ölkədən 1351 iştirakçı 56 nominasiya üzrə yarışacaq. O deyib: “Avqustun 22-dən 27-dək Kazanda iştirakçılar “WorldSkills International” müsabiqəsinin nəqliyyat və logistika, sənaye istehsalı, informasiya texnologiyaları, incəsənət və dizayn, tikinti sahələrində xidmətlər üzrə 56 nominasiyada çıxış edəcəklər. Çempionata dəstək vermək üçün 81 ölkədən 14-81 yaş arasında 3500 könüllü cəlb edilib. Bizim təşəbbüslərimiz sayəsində məktəblilər milli komandalarla birlikdə “WorldSkills Juniors” müsabiqəsində iştirak edəcəklər. Bu yaş qrupu ilk dəfədir ki, beynəlxalq müsabiqəyə qatılır. Rusiya rəqəmsal iqtisadiyyat üzrə gələcəyin ixtisasları ilə yanaşı, çempionata öz əsas nominasiyalarını əlavə edib. Gözlənilir ki, Rusiya, Tatarıstan və bütün dünyadan “WorldSkills- 2019” çempionatına və onunla bağlı tədbirlərə 250 min qonaq gələcək”.
Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov çıxışında deyib: “Bu gün biz çoxdan gözlədiyimiz müsabiqənin açılışını edirik. “WorldSkills” çempionatı artıq Rusiya və Tatarıstanda insanların həyatına öz təsirini göstərib, peşə bacarığının nüfuzunu yüksəldib. Bu cür mütəxəssislərə əmək bazarında böyük ehtiyac var. Yarışların bütün iştirakçılarına uğurlar arzulayır və ümid edirik ki, Kazanda keçirdikləri bu günlər onların yaddaşında ən yaxşı xatirə kimi qalacaq. Bundan başqa, şəhərimizin sakinlərini və qonaqları “Kazan Expo” sərgi mərkəzində yarış iştirakçılarını dəstəkləməyə dəvət edirik”.
“WorldSkills Russia”nın baş direktoru Robert Urazov çıxışında deyib: “WorldSkills Kazan-2019” dünya çempionatının keçirilməsi qərarı hərəkatın bizim ölkədə kütləviliyinin tanınmasıdır. Bu gün Rusiyanın bütün 85 regionu dünya çempionatına hazırlıq prosesində və “WorldSkills” standartlarının milli peşə təhsili sistemində tətbiqində iştirak edir. 2018-ci ilin sonunda 500 mindən çox insan “WorldSkills Russia” tədbirlərində və təşəbbüslərində iştirak edib”.
Nominasiyalar üzrə yarışlara paralel olaraq “WorldSkills Conference-2019” adlı böyük beynəlxalq konfrans da keçiriləcək. Konfransın gedişində hökumətlərin təmsilçiləri, ekspertlər və bütün dünyadan olan liderlər gələcək peşə bacarıqlarının qazanılmasında əsas əhəmiyyətə malik olan məsələləri, onların iqtisadi və sosial təsirini müzakirə edəcəklər.
“WorldSkills Kazan-2019” çempionatının rəsmi açılış mərasimi Rusiyanın Baş Naziri Dmitri Medvedevin iştirakı ilə bu gün axşam “Kazan Arena” stadionunda keçiriləcək. Qeyd edək ki, Kazan şəhəri çempionatın keçirilməsi hüququnu Braziliyanın San-Paulu şəhərində keçirilən “WorldSkills Competiton” çempionatının Baş Assambleyasında qazanıb. Həmin tədbirdə dünya çempionatını keçirmək uğrunda üç şəhər – Paris, Şarlerua (Belçika) və Kazan mübarizə aparıblar. Səsvermədə 57 iştirakçı ölkə iştirak edib və 5 səs üstünlüklə Tatarıstanın paytaxtı bu çempionatın qalibi elan olunub.
“WorldSkills International” (WSI) beynəlxalq qeyri-kommersiya assosiasiyasıdır. Onun məqsədi bütün dünyada peşə hazırlığı və ixtisasartırma üzrə status və standartları yüksəltməkdir. Assosiasiyasının əsası 1950-ci ildə İspaniyada qoyulub. Bu gün onun fəaliyyətində 82 ölkə iştirak edir.
WSI özünün əsas missiyası kimi fəhlə ixtisaslarına diqqətin artırılmasını və peşə standartlarının inkişafı üçün şərait yaradılmasını irəli sürür. Onun əsas fəaliyyəti 22 yaşadək gənclər arasında peşəkarlıq yarışlarının təşkili və keçirilməsidir. Çempionatlar iki ildə bir dəfə keçirilir və “Fəhlə əlləri üçün olimpiada” adlanır. Hazırda çempionat dünyada bu qəbildən olan ən böyük müsabiqədir.

 

Texnologiya 2019-08-22 18:53:00