×
A
A
A
Sazlamalar

Hikmət Əlizadə: Antropogen amillər meşə yanğınlarının əsas başvermə səbəbidir

Bakı, 21 avqust, AZƏRTAC
Biz yanğınların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, hər il dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir: “İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Sevindirici haldir ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş vermir, insan tələfatı qeydə alınmır.
Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, qalanmış tonqallar və onların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir.
Son zamanlar baş verənlər, insanların yaşıllıqlara laqeyd münasibəti, ətraf ərazilərin məişət tullantıları ilə çirklənməsi, eləcə də bu günlərdə müxtəlif yerlərdə baş verən ardıcıl yanğınlar onu göstərir ki, biz təbiətimizə qarşı yenə də səhlənkarıq.
Milli parklar Azərbaycanın ən gözəl füsunkar təbiəti olan ərazilərdə yerləşir. Nəzərə alaq ki, Hirkan Milli Parkı UNESKO-nun İrs Siyahısına nominantdır. Biz bu gün baş verən yanğını ilkin olaraq təhlil etmişik. Milli park yaxınlıqda yerləşən kəndin və bələdiyyə torpaqlarının sərhədindən başlanır. Yanğının ehtiyatsızlıq və ya bilərəkdən olması səbəbi heç nəyi dəyişmir. Çünki dəyəri ölçüyəgəlməz olan meşələrimiz, ağaclarımız yanır, orada yaşayan fauna növləri həmin ərazini tərk edir, məhv olur, bu işlərin bərpası üçün dövlətə milyonlarla ziyan dəyir. Bizim qanunvericiliyimiz ehtiyatsızlığı da, ehtiyatsızlıqdan edilən cinayəti də cinayət sayır. Bu baxımdan ehtiyatsızlıqdan olan əməllərin qarşısının alınmasını da vacib sayıram. Çox diqqətli olmaq lazımdır. Xüsusən regionlarda yaşayan, təbiətlə birbaşa ünsiyyətdə olan şəxslər çox ehtiyatlı davranmalıdırlar. Onların hər hansı bir səhlənkar hərəkəti təbiətə qiyməti ölçülməyən dərəcədə ziyan vurur. Biz bu halların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik”.

Ekologiya 2019-08-21 18:28:00