×
A
A
A
Sazlamalar

Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub VİDEO

Bakı, 15 avqust, Məhərrəm Əlioğlu, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçirilən “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının başa çatması ilə əlaqədar avqustun 15-də mətbuat konfransı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlər iştirak ediblər.
Mətbuat konfransında müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsi üçün yaradılan şərait, texniki dəstək qruplarının fəaliyyəti, hakimlər kollegiyasının işi və müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə iştirakçı ölkələrin komandalarının göstəriciləri barədə ətraflı məlumat verilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov bildirib ki, Bakıda keçirilən “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsi də yüksək səviyyədə təşkil olunub: “Üç mərhələdən ibarət yarışda Rusiya, Azərbaycan, Qazaxıstan və İran nümayəndə heyətləri iştirak ediblər. Bu yarışlar gərgin keçsə də, sonda dostluq qalib gəldi. Təlim-məşq toplanışında biz gələcəkdə birgə fəaliyyətlə bağlı təcrübə mübadiləsi aparmışıq. “Dəniz kuboku-2019” yarışı zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdiriblər. Qərara əsasən Azərbaycan komandası 212 balla birinci, Rusiya 186 balla ikinci, Qazaxıstan 142 balla üçüncü, İran 136 balla dördüncü yeri tutub”.
S.Bəkirov deyib ki, beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
Rusiya Hərbi Dəniz Donanması komandasının nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan yüksək şəraitə görə təşəkkürünü bildirib. O, bu yarışın Rusiya komandası üçün əhəmiyyətli olduğunu vurğulayaraq deyib: “Çox gərgin və maraqlı yarış keçdi. Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan komandasını qələbə münasibətilə təbrik edirəm. Oyunlar ən yüksək səviyyədə təşkil olunub. Dəniz kuboku hər zaman qarşılıqlı anlaşma və dostluq ruhu ilə fərqlənib. Bu, əsl dostluq yarışıdır. Rusiya bu oyuna həmişə böyük önəm verir”.
İştirakçılara uğurlar arzulayan Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov da Bakıda keçirilən “Dəniz kuboku-2019” yarışına hazırlığın yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycan belə mühüm yarışı üçüncü dəfədir yüksək səviyyədə təşkil edib. Azərbaycan tərəfinə bunun üçün təşəkkür edirəm. On gün ərzində dənizçilər öz peşəkarlıqlarını ortaya qoydular. Gərgin mübarizə şəraitində qazandıqları qələbə münasibətilə Azərbaycan komandasını təbrik edirəm”.
İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Hüseyn Həsəni yarışın əhəmiyyətini qeyd edərək deyib: “Bu yarışda yenidən iştirak etməkdən məmnunuq. Bu, dostluq yarışıdır. Biz Bakıda olmaqdan çox şadıq. Bu yarışlar bizə təcrübə mübadiləsi aparmağa imkan yaradır. Xəzəryanı dövlətlər arasında bu cür tədbirlər çox faydalıdır və ümumi təcrübəyə, ölkələrimiz arasında tərəfdaşlıq və dostluğun inkişafına təkan verir”.
Sonra mətbuat nümayəndələrinin sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçirilən “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edirlər. Belə ki, hərbi qulluqçularımız ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda “Hərbi-tibbi estafet” müsabiqələrində mübarizə aparırlar.
Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri silahlı qüvvələrinin nümayəndələri “Dəniz kuboku-2019” müsabiqəsində müşahidəçi qismində iştirak ediblər.

Ordu 2019-08-15 09:47:00

Video