×
A
A
A
Sazlamalar

Qurban bayramı ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub

Bakı, 5 avqust, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Cəmiyyətin Sərnişin daşımaları Departamentinin əməkdaşları sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.
Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.
Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə avqustun 10 və 13-də əlavə qatar təyin edilib.
Sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

 

Nəqliyyat 2019-08-05 10:35:00