×
A
A
A
Sazlamalar

Bakı Nəqliyyat Agentliyi Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyinə dair təkliflər hazırlayıb

Bakı, 3 avqust, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər ünvanlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına qədər olan hissəsində baş vermiş yol nəqliyyat hadisələri narahatlıq doğurduğundan ərazi təhlil edilib və qəzaların baş vermə səbəbi kimi problemlər qeydə alınıb.
Belə ki, prospektin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin olmaması nəticəsində idarəetməni itirən nəqliyyat vasitələri yolun əks istiqamətinə çıxır və ağır qəzaların baş verməsinə səbəb olur. Yolun əks istiqamətinə çıxmaqla törədilən yol nəqliyyat hadisələrində ölüm riski digər yol nəqliyyat hadisələrindən 3 dəfə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, son 1 ayda həmin ərazidə agentlik tərəfindən qeydə alınmış bu tip hər 2 yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hazırda Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan əksər hissəsində sürət həddi ilk iki zolaqda saatda 120 kilometr müəyyən edilib. Bu da yüksək sürət halında sürücülərin bir çox vəziyyətlərdə qeyri-peşəkarlıqları nəticəsində idarəetməni itirmə risklərinin artmasına səbəb olur.
Sürücülərin ara məsafəsini gözləməməsi nəticəsində sürücülər yolda baş verən hadisələr və qabaqlarına çıxan maneələrə lazım olan kimi reaksiya verə bilmirlər. Məsafənin sürücünün reaksiya müddəti ilə mütənasib olmaması zəncirvari qəzaların baş verməsinə səbəb olur.
Bunları nəzərə alaraq, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan hissəsində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə bir sıra tədbirlərin qısa müddət ərzində icra olunması təklif edilib. Bunlara Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin quraşdırılması, yolda sürət həddinin ilkin olaraq saatda 120 kilometrdən saatda 110 kilometrə endirilməsi, sürücülərin ara məsafəsini gözləməsi üçün xarici təcrübədə də istifadə olunan “şevron” tipli yol nişanlanmasının tətbiq edilməsi, sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi məqsədilə prospekt üzrə maarifləndirici məlumatları özündə əks etdirən lövhələrin yerləşdirilməsi aiddir.
Qeyd edilən tədbirlərin həyata keçirilməsi Heydər Əliyev prospektində yol nəqliyyat hadisələrinin sayının azalmasına, baş verən qəzalar zamanı ölüm riskinin aşağı düşməsinə imkan verəcək.
Bundan əlavə, hazırda mütəxəssislər tərəfindən Heydər Əliyev prospektində həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaradan sürücülərin də məsuliyyətə cəlb edilməsi məqsədilə zolaqlar üzrə hərəkət sürətinin aşağı və yuxarı hədlərinin müəyyən edilməsi üçün təkliflər araşdırılır.

Nəqliyyat 2019-08-03 13:44:00