×
A
A
A
Sazlamalar

Nazirlər Kabinetində İranın Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 26-da Azərbaycan Respublikası Baş Nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Əli Səccadi ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki dost və müsəlman ölkə olan İran ilə Azərbaycan arasındakı münasibətlərdən danışan Baş Nazirin müavini qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini vurğulayıb. Əli Həsənov Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin xüsusi rolu olduğunu deyib və əlavə edib ki, bu əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib.
Əsl dostluğun çətin və ağır günlərdə özünü açıq büruzə verdiyini deyən Baş Nazirin müavini Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi dövrdə İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin, beynəlxalq humanitar təşkilatların ölkəmizə etdikləri yardımlara görə təşəkkürünü bildirib. Ətraflı məlumata görə minnətdarlığını bildirən Əli Səccadi sabit və inkişaf edən, tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Daxili siyasət 2019-07-26 15:42:00