×
A
A
A
Sazlamalar

DİM: 350 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb

Bakı, 23 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı Mərkəzin internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İki mərhələ üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrinə görə, müsabiqədə iştirak edən 352 namizəddən 350-si təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116 nəfəri oğlan, 234 nəfəri qızdır. 165 namizəd cari ilin, 285 namizəd isə əvvəlki illərin məzunudur.
Qəbul olan namizədlərin siyahısı və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini iyulun 24-də günün ikinci yarısından etibarən əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olanlar tələb edilən sənədləri iyulun 29-dan avqustun 2-dək olan müddətdə müvafiq quruma:
-Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə;
-Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinə;
-Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, ixtisaslar üzrə qeydiyyat müxtəlif vaxtlarda aparılacaq. Namizədlər müvafiq qrafik ilə Səhiyyə Nazirliyinin internet saytından tanış ola bilərlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Elm və təhsil 2019-07-23 19:36:00