×
A
A
A
Sazlamalar

Peşə təhsili alan tələbələrin istehsalat təlimi və təcrübəkeçmə prosesi optimallaşdırılır

Bakı, 23 iyul, AZƏRTAC 

İsmayıllı Peşə Tədris Mərkəzinə “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində mikroavtobus təqdim olunub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, mikroavtobusun verilməsində məqsəd tədris mərkəzində ixtisaslar üzrə təhsil alan tələbələrin müəssisələrdə istehsalat təlimi və təcrübəkeçmə prosesini optimallaşdırmaqdır.
Xatırladaq ki, duala bənzər peşə təhsili və təlimi özəl sektorun təlim prosesinin həyata keçirilməsində fəal iştirakına əsaslanır. Buna nail olmaq məqsədilə layihə çərçivəsində pilot peşə mərkəzləri ilə regionda fəaliyyət göstərən müəssisələr arasında fəal əməkdaşlıq qurulub. Cari ilin əvvəlində İsmayıllı Peşə Tədris Mərkəzi ilə İsmayıllı Şərab-2 müəssisəsi arasında tələbələrin praktik istehsalat təlimi və təcrübə keçməsi üçün müəssisə tərəfindən 2 hektar üzüm sahəsinin ayrılmasına dair razılıq əldə olunub.
ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

Elm və təhsil 2019-07-23 13:25:00