×
A
A
A
Sazlamalar

Finlandiyada adalarda plastik tullantıların toplanması üzrə eksperiment keçirilir

Bakı, 19 iyul, AZƏRTAC

İyul ayında Finlandiyanın cənub-qərbində plastik tullantıların toplanması üzrə eksperiment başlanıb. Təşəbbüsü “Pid Saaristo Siistin ry” (“Gəlin, arxipelaqı təmiz saxlayaq”) ekoloji təşkilatı və tullantıların utilizasiyası üzrə “Lounais-Suomen Jtehuolto” regional şirkəti həyata keçirir.
“Eksperimentin məqsədi adalardan nə qədər plastik qablaşdırmanın toplanmasının və bu fəaliyyətin təcrübədə icrasına nail olmağın mümkünlüyünü araşdırmaqdır”, - deyə şirkətlərdən bildiriblər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, aksiya Aspö, Trunsö, Brunsker və Brennsker adalarını əhatə edəcək. Ekoloqların nümayəndəsi Katriina Murto bildirib ki, eksperiment yayda aparılacaq, bundan sonra isə onun gələn il davam etdirilib-etdirilməyəcəyi barədə qərar veriləcək. Hələ ki, zibil əllə yığılacaq.
“Jtehuolto” şirkətindən olan Katya Salminin sözlərinə görə, toplanma məntəqələrinə yalnız təmiz və quru plastik kütlələr – müxtəlif qablaşdırmalar, butulka və paketlər gətirmək olar. Daha sonra onlar təkrar emala göndəriləcək. Yemək izləri və ya digər çirklənmələr olan qida qablaşdırmalarını sonradan yandırılmaq üçün nəzərdə tutulan zibil konteynerlərinə atmaq lazımdır.
Təkrar emal üçün toplanan plastik kütləni regionda müntəzəm işləyən “Roope” gəmisi götürəcək. Gəminin daha çox tullantı qəbul edə bilməsi üçün onun anbarı boşaldılacaq. Ekoloqlar adada bu cür tullantıların nə qədər çox olduğunu müəyyən etməkdən ötrü toplanmış plastik kütlənin həcmini hesablayacaqlar.
Plastik tullantılar beynəlxalq problemdir. “Helsingin Sanomat” qəzetinin yaydığı xəbərdə bildirilir ki, dənizə düşən plastik paketlər orada 20-30 il qalır. Xüsusən, Baltik dənizindəki bütün tullantıların 56 faizi məhz plastik kütlədir. Hər il Dünya okeanına təqribən 12 milyon ton plastik kütlə düşür ki, bu da milyonlarla dəniz canlısının məhvinə gətirib çıxarır.
Hazırda Finlandiyada ildə bütün plastik bazarına daxil olan həcmin 27,5 faizi toplanılır. Artıq ölkə hazırda Avropa İttifaqında müəyyən edilən 22,5 faiz səviyyəsinə çatıb və hətta bu səviyyəni ötüb. Aİ 2025-ci ildə bu səviyyəni 50 faizə çatdırmaq niyyətindədir.

Ekologiya 2019-07-19 18:45:00