×
A
A
A
Sazlamalar

İnformasiya Texnologiyaları İnstitutunda terminoloji proseslərin idarə edilməsi məsələləri araşdırılıb

Bakı, 19 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu ilin birinci yarısında milli terminoloji sistem əsasında terminoloji proseslərin idarə edilməsi məsələləri araşdırılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu barədə şöbə müdiri Səyyar Abdullayev növbəti elmi seminarda məlumat verib. O bildirib ki, cari ildə elektron terminoqrafiyanın elmi-nəzəri problemləri, həlli yolları, müasir vəziyyəti ilə bağlı tədqiqatlar aparılıb.
İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlər elektron kitabxanalardan axtarılıb tapılıb, əlifba sırası ilə sistemləşdirilib, onların Azərbaycan, ingilis və rus dillərində tərcüməsi və izahlı təsnifatı verilib, eləcə də müasir terminlər lüğətinin 5-ci hissəsi üçün terminlər işlənib hazırlanıb. Həmçinin “İnformasiya texnologiyaları üzrə müasir terminlər lüğəti” çapa təqdim olunub.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək terminoqrafiya fəaliyyətinin dilimizə daxil olan yeni sözlərin toplanması və sistemləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb, bu sahədə aparılan araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə edib.

Elm və təhsil 2019-07-19 17:57:00