×
A
A
A
Sazlamalar

Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır

Bakı, 18 iyul, AZƏRTAC 

Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır.
Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin Azərbaycan Tibb Universitetində keçirilən səyyar iclasında səsləndirib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, A.Əlizadə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın başa çatdığını və strategiya çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı ölkə rəhbərliyi qarşısında hesabat verildiyini qeyd edib. AMEA-nın prezidenti elmin yeni inkişaf yollarını müəyyənləşdirən 2020-2025-ci illərə dair strategiya planından, elmin davamlı inkişafını təmin etmək məqsədilə sənəddə əks olunacaq fəaliyyət proqramından söz açıb: “Burada AMEA-nın və bütövlükdə Azərbaycan elminin gələcək inkişaf istiqamətləri öz əksini tapacaq, eyni zamanda, elmi qanunvericiliyə dair normativ-hüquqi sənədlərdə alim və mütəxəssislərin fəaliyyətini genişləndirməyə imkan verən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürüləcək. Strategiya planı Təhsil Nazirliyi, ali təhsil müəssisələri, eləcə də AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatlarının birgə təklifləri əsasında hazırlanacaq. Sənədin yekun layihəsinin təsdiqlənməsi üçün dövlət başçısına müraciət olunacaq”.

Elm və təhsil 2019-07-18 16:23:00