×
A
A
A
Sazlamalar

Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasının təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də “Neftçi” və “Səbail” komandaları UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, “Səbail” klubu Rumıniyada “Universitatea” komandasının qonağı olacaq. Krayova şəhərindəki “İon Oblemenko” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında “Bayıl Arena”da keçirilən ilk oyunda qonaqlar qalib gəliblər - 2:3. Avrokuboklarda debüt edən “Səbail” mərhələ adlamaq üçün səfərdə qapısını toxunulmaz saxlamaq şərti ilə minimum iki top vurmalıdır. Qarşılaşmanı İslandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Xelqi-Mikael Yoxanssonın köməkçiləri həmyerliləri Yoxan Qudmundsson və Brinqeyr Valdimarsson olacaqlar. İvar-Ori Kristyansson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Digər təmsilçimiz “Neftçi” isə “Bakcell Arena”da Moldovanın “Speranta” komandasını qəbul edəcək. Görüş saat 21:00-da başlayacaq. Kişineudakı ilk qarşılaşmada flaqman böyük hesabla qalib gəlib - 3:0.
Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Yulian Vaynbergerin köməkçiləri funksiyasını həmyerliləri Maksimilian Kolbiç və Mixael Nemets yerinə yetirəcəklər. Andrea Hayss isə dördüncü hakim olacaq.

İdman 2019-07-18 15:01:00