×
A
A
A
Sazlamalar

Tarixi inkişafın gedişi sübut etdi ki, müasir müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı

Bakı, 13 iyul, AZƏRTAC 

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar Yasamal rayonunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə çıxış edərək 1969-cu il iyulun 14-nün Azərbaycanın yeni tarixində müstəsna özəlliyinin olduğunu bildirib. O deyib ki, həmin gün ulu öndər Heydər Əliyev respublikanın rəhbərliyinə yüksəlib. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş İttifaq miqyasında öncül sıralara çıxıb. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Ümummilli Lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Ulu Öndərin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan bu gün onun ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır.
Sonra çıxış edən Yasamal rayon prokuroru Rasim Hacıyev, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev bildiriblər ki, ümummilli lider Heydər Əliyev hər birimizin həyatında dərin iz buraxıb. O, hər şeydən əvvəl uzaqgörən siyasətçi idi. Heydər Əliyev öz siyasəti ilə, ilk növbədə, xalqımızın, cəmiyyətimizin birliyini təmin edib və qoruyub. XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Azərbaycanın tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü müasir müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Daxili siyasət 2019-07-13 18:23:00