×
A
A
A
Sazlamalar

Avropa Olimpiya Gənclər Festivalı ilə əlaqədar paytaxtda “sarı zolağın” çəkilişi davam edir

Bakı, 12 iyul, AZƏRTAC 

İyulun 20-28–də Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən olunan marşrut üzrə əsas yol şəbəkəsində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında “sarı zolağın” çəkilişi işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu işlər çərçivəsində bu gün saat 22:00-dan iyulun 13-ü səhər saatlarınadək Qara Qarayev prospektində xətlənmə işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
“Sarı zolağın” çəkilişinə iyulun 8-dən başlanılıb və müəyyən edilən marşrut üzrə digər küçə və prospektlərdə artıq yekunlaşdırılıb. Zolağın çəkilişi ilə bərabər müvafiq nişanlanma işləri aparılır və yol nişanları quraşdırılır, həmçinin asfalt üzərində, təyin edilən yerlərdə xüsusi boya ilə festivalın loqosu da vurulur. Sadalanan işlərin iyulun 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən olunmuş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

Nəqliyyat 2019-07-12 17:15:00