×
A
A
A
Sazlamalar

İdman Arbitraj Məhkəməsi Mutkonun apellyasiya şikayətini təmin edib

Bakı, 11 iyul, AZƏRTAC

İdman Arbitraj Məhkəməsi (CAS) RF Baş Nazirinin müavini Vitali Mutkonun Olimpiya Oyunlarında hər hansı qisimdə iştirak etməkdən ömürlük kənarlaşdırılması barədə qərardan apellyasiya şikayətini təmin edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, məhkəmənin qərarında deyilir: “Vitali Mutkonun 2017-ci il dekabrın 26-da təqdim etdiyi apellyasiya şikayəti təmin olunub. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi tərəfindən 2017-ci il dekabrın 5-də Vitali Mutko barəsində qəbul olunmuş qərar ləğv edilir”.
Bu məsələ ilə “KleverKonsalt” hüquq qrupunun mütəxəssisləri məşğul olublar. Qrupun saytında bildirilir ki, BOK İcraiyyə Komitəsinin qərarı qeyri-qanuni olduğuna görə ləğv edilib.
Qərarın əsaslandırma hissəsində deyilir: “Cavabdeh (BOK) göstərib ki, bu məsələyə dair çıxarılmış ilkin qərar Olimpiya Xartiyasının qaydalarına müvafiq olaraq onun istənilən şəxsi gələcək Olimpiya Oyunlarına dəvət etmək hüququna təsir etmir. Cavabdeh daha sonra bildirib ki, hər iki tərəfin fikrincə, “CAS 2017/A/5498 Vitali Mutko BOK-a qarşı” işi üzrə ilkin qərara dair hökm çıxarılması üçün heç bir əlavə təqdimat və ya dinləmə tələb olunmur”.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2017-ci il dekabrın 5-də Mutkonun Olimpiya Oyunlarında hər hansı qisimdə iştirak etməkdən ömürlük kənarlaşdırılması barədə qərar qəbul edib. Samuel Şmidin rəhbərlik etdiyi komissiya bu qənaətə gəlib ki, Mutko RF İdman Nazirliyinə rəhbərlik etdiyi dövrdə Soçidə Olimpiya Oyunları zamanı rusiyalı idmançıların dopinq probları ilə bağlı manipulyasiyalara yönəlmiş sistem mövcud olub.
BOK Soçi Olimpiadası dövründə İdman nazirinin müavini vəzifəsini tutan Yuri Naqornıxın da Olimpiya Oyunlarında iştirak etməkdən ömürlük kənarlaşdırılması barədə qərar qəbul edib.
2018-ci ildə Pxençxanda keçirilmiş Olimpiya Oyunlarında rusiyalı idmançılar məhdud sayda, Rusiyadan olan Olimpiya atletləri statusu ilə çıxış ediblər.

İdman 2019-07-11 17:00:00