×
A
A
A
Sazlamalar

Vəkillərimiz “Eurolawyers 2019” beynəlxalq futbol turnirində iştirak ediblər

Bakı, 25 iyun, AZƏRTAC 

İrlandiyanın Limerik şəhərində Avropa ölkələrinin hüquqşünasları arasında futbol turniri keçirilib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, “Eurolawyers” adlandırılan və uzun illərdir mütəmadi qaydada bu turnir miqyasına və nüfuzuna görə Avropa ölkələrinin hüquqşünasları və xüsusilə vəkilləri arasında keçirilən ən böyük futbol turniri hesab edilir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının futbol komandası ötən il keçirilən bir neçə regional beynəlxalq turnirlərdəki uğurlu çıxışından sonra bu turnirə dəvət alıb.
Vəkil Elçin Usubun rəhbərliyi və tanınmış futzal mütəxəssisi Fuad Rzayevin məşqçiliyi ilə Vəkillər Kollegiyasının futbol komandası 5x5 formatında keçirilən turnirdə ölkəmizi ilk dəfə təmsil edib.
Qrup mərhələsindəki üç oyunda Danimarka, Ukrayna və Bolqarıstan komandaları üzərində inamlı qələbə qazanan (9 xal və 20 top fərqi) təmsilçilərin ən yüksək reytinqlə dörddəbir final mərhələsinə yüksəliblər. Lakin bu mərhələdə komanda Macarıstan təmsilçilərinə 1:2 hesabı ilə məğlub olub. Beşinci yer uğurunda oyunlarda Kiyevin “Evris” komandasını 2:0 hesabı ilə məğlub edən təmsilçilərimiz həlledici oyunda Moskva Vəkillər Kollegiyasının komandasına 0:1 hesabı ilə uduzub.
Altı oyunda 4 qələbə qazanan Vəkillər Kollegiyasının komandası turnirdə altıncı yerdə qərarlaşsa da, yarışda ən çox qol vurmuş komanda (23-7) olub. Komandanın üzvü Ülvi Əliyev isə 13 qolla ən məhsuldar futbolçu seçilib.
Vəkillər Kollegiyasının komandası uğurlu çıxışına görə 2020-ci ildə Mərakeşdə keçiriləcək 20-ci dünya çempionatına dəvət alıb. Qeyd edək ki, dünya çempionatı 1983-cü ildən keçirilir.

İdman 2019-06-25 17:26:00