×
A
A
A
Sazlamalar

Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir

Bakı, 25 iyun, AZƏRTAC
Bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur. İyun ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir. Keçən ilin iyun ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə hətta 10 dərəcə təşkil edir.
Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb. Belə ki, Bakıda 37, Abşeron yarımadasında 39,6, Aran rayonlarında isə 40-42 dərəcə isti müşahidə olunub. Bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyulun ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
“Son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Bu artım, təbii olaraq gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir. Anomal isti günlərinin həm sayı, həm də davamiyyəti artır. Gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olub, əhalini anomal isti günlərində öz səhhətlərinə daha diqqətli olmağa çağırırıq. Xanımlar uşaqları günəşdən qorusunlar, yaşlı insanların günəşin altında olmaları məsləhət deyil. Əhaliyə hava şəraiti ilə bağlı təsəlliedici bir xəbər vermək istərdim. Bakı və Abşeronu kəskin istilərdən “xilas” edən arabir güclənən şimal küləyi ayın 26-27-də temperaturun 2-3 dərəcə aşağı enməsinə səbəb olacaq. Növbəti isti günlər isə ayın 28-29-da gözlənilir. İyun ayının 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək və ilkin proqnoza görə iyul ayının ilk günləri nisbətən sərin keçəcək.
Ümumiyyətlə, iqlim dəyişmələrinin təsirləri isə çoxşaxəlidir, bu proses temperaturun yüksəlməsi ilə bərabər, həmçinin təhlükəli hadisələrin artması ilə səciyyələnir. Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır. İstər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində, istər sudan istifadədə yanaşmaların dəyişməsində biz iqlim dəyişmələri ilə bağlı riskləri azalda, onlara uyğunlaşa bilərik. Bir çox ölkənin təcrübəsi burada nəzərə alına bilər”, - deyə departamentin direktoru diqqətə çatdırıb.
U.Tağıyeva, həmçinin qeyd edib: “Xəzər dənizinin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır. 1995-ci ildə qeydə alınan maksimum göstəricidən səviyyənin 1,2 metr aşağı enməsi, sahilyanı infrastruktur layihələrin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir, şiddətli küləklər, dolu prosesləri, daşqınlar, sel hadisələri daha tez-tez qeydə alınır.
Buna cavab olaraq biz nə edə bilərik? Bu proseslər, təbii ki, qarşısı alınmayan hadisələrdir. Ölkələrdə fəsadları nisbətən azaltmaq yalnız qabaqcadan xəbərdarlıq sisteminin gücləndirilməsi ilə mümkündür. Burada beynəlxalq təcrübə öyrənilir və onların tətbiqində hidrometeorologiya xidmətlərinin məsuliyyəti artır”.

Ekologiya 2019-06-25 17:13:00