×
A
A
A
Sazlamalar

Bakı Nəqliyyat Agentliyi Stokholmdakı Qlobal İctimai Nəqliyyat Sammitində təmsil olunub

Bakı, 18 iyun, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi (BNA) iyunun 9-12-də İsveçin paytaxtı Stokholmda keçirilən Beynəlxalq İctimai Nəqliyyat Birliyinin (UITP) təşkilatçılığı ilə Qlobal İctimai Nəqliyyat Sammitində təmsil edilib.
BNA-dan AZƏRTAC-a bildirilib ki, nəqliyyat sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər, müxtəlif dövlətlərin nəqliyyat tənzimləyici orqanları və iri təchizatçıların iştirak etdiyi sammit çərçivəsində müzakirə panelləri və görüşlər təşkil olunub. Sammitdə ilk dəfə olaraq paytaxtın əsas nəqliyyat tənzimləyici orqanı Bakı Nəqliyyat Agentliyi də iştirak edib.
Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti sammitdə bir sıra işgüzar görüşlər keçirib. Avrasiya panelində “Bakıda ictimai nəqliyyat və gələcək planlar”la bağlı təqdimat olub. Təqdimatda Bakı Nəqliyyat Agentliyinin paytaxtın ictimai nəqliyyat sisteminin inkişaf etdirilməsi və beynəlxalq tədbirlərin təşkilindəki uğurlu təcrübəsi diqqətə çatdırılıb. Təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olub.
V.Kərimli Beynəlxalq İctimai Nəqliyyat Birliyinin Baş Katibi Mohamed Mezghani ilə görüşüb. O, mötəbər beynəlxalq tədbirə dəvət üçün M.Mezghaniyə təşəkkürünü bildirərək Bakı Nəqliyyat Agentliyinin dünya üzrə 200-dən çox şəhər nəqliyyatına məsul qurumları özündə birləşdirən UITP-yə üzv qəbul edilməsinin əhəmiyyəti vurğulayıb. Ötən il noyabrın 23-də UITP-in baş katibliyinə seçkilər zamanı M.Mezghanin namizədliyinin Bakı Nəqliyyat Agentliyi tərəfindən də dəstəkləməsi məmnunluqla xatırlanıb. Beynəlxalq qurumla əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb. Bu ilin əvvəlində UITP-in “İctimai Nəqliyyat Dünyası” adlı jurnalının növbəti sayında BNA-nın Bakının yol nəqliyyat sisteminin inkişafı istiqamətindəki fəaliyyətindən bəhs edən məqalənin dərc edilməsinin bu əməkdaşılığın təzahürü kimi dəyərləndirilib.
Görüşdə BNA-nın fəaliyyətə başlamasından sonra nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatı işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, marşrut şəbəkəsinin optimallaşdırılması, nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı yeni çağırışlara uyğun görülən və nəzərdə tutulan işlər barədə məlumat verilib. Xüsusi vurğulanıb ki, hazırda sərnişindaşımada 300 ədəd sıxılmış təbii qazla (CNG) işləyən və ətrafı çirkləndirməyən, komfortlu "IVECO" markalı avtobuslar istismar edilir, nağdsız ödəniş sistemi tətbiqinə başlanılıb, avtobus parkları yenilənir, xüsusi avtobus zolaqları təşkil edilir, nəqliyyat mübadilə mərkəzləri fəaliyyət göstərir. Yaxın vaxtlarda paytaxta daha 300 yeni nəsil “Avro 6” standartlarına cavab verən "BMC" markalı avtobusların gətirilməsi müsbət hal kimi dəyərləndirilib. 2022-ci ildən Bakı şəhərinin ictimai nəqliyyat şəbəkəsində yalnız sıxılmış təbii qaz və ya elektrik mühərriklə işləyən (Hybrid) avtobusların istismar edilməsinin əsas hədəf istiqamətlərində olduğu qeyd edilib. Ümumilikdə əsas məqsəd vətəndaşlara ekoloji baxımdan təmiz, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsinə nail olmaqdır. Bildirilib ki, bununla bağlı bütün daşıyıcılara müvafiq tapşırıqlar verilib. O da vurğulanıb ki, ümumilikdə görülən işlər Bakıda stabil və dayanıqlı nəqliyyat sistemin inkişafına xidmət edir. Şəxsi nəqliyyat vasitələrinin şəhər mərkəzində hərəkətini azaltmaqla, Bakını daha çox piyadayönümlü bir şəhərə çevirmək üçün böyük səylər göstərilir.
Görüşdə, həmçinin UITP və BNA arasındakı mövcud və gələcək əməkdaşlıq perspektivləri, cari ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan UITP seminarı, BNA əməkdaşlarının bilik və bacarıqlarını artırmaq üçün mübadilə səfərlərinin təşkil edilməsi, ictimai nəqliyyat sahəsindəki qlobal trendlər və müasir metodologiyaların tətbiqi, UITP data bazasına giriş və araşdırma aparmaq üçün imkanların yaradılması və sair məsələlər müzakirə edilib.
V.Kərimli “IVECO France” şirkətinin rəhbəri Stephane Espinasse ilə də görüşüb. Bakıda istifadə olunan “IVECO” markalı avtobusların cari vəziyyəti, onlara göstərilən texniki xidmətin yüksəldilməsi, “IVECO” ilə BNA arasında gələcək əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparılıb.
UITP-in Üzvlük, Marketinq və Xidmətlər üzrə direktoru Kaan Yıldızgöz ilə görüşdə isə gələcəkdə Azərbaycanın UITP tərəfindən təşkil edilən təlimlər sahəsində regional mərkəz olması perspektivləri, Bakıdakı Sürücü Təlim Mərkəzinin beynəlxalq nəqliyyat təlimlərinin keçirilməsində mümkün rolu və təcrübə mübadiləsi barədə danışıqlar olub.

Nəqliyyat 2019-06-18 11:41:00