×
A
A
A
Sazlamalar

“Azexport” portalı “TransCaspian 2019” və “Road & Traffic 2019” sərgilərində təmsil olunur

Bakı, 11 iyun, AZƏRTAC 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalı XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgilərində “Səyyar xidmət mərkəzi” ilə təmsil edilir.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, “Azexport” portalının menecer Ayxan Qədəşov beynəlxalq sərgidə iştirakın əməkdaşlıq baxımından çox önəmli olduğunu deyib.
“Azexport portalı fəaliyyət göstərdiyi 3 il müddətində 1 milyard ABŞ dollarından çox ixrac sifarişi alaraq yerli istehsalçılara təqdim edib. Sifarişlər Avropa və Ərəb ölkələri ilə yanaşı, Amerika və Okeaniya ölkələrindən də daxil olub. Portala daxil olan sifarişlərin yerinə yetirilməsi üçün beynəlxalq yük daşıma şirkətləri ilə sıx əməkdaşlıq portal üçün çox önəmlidir. Bu səbəbdən portal digər aidiyyəti sərgilərdə olduğu kimi bu sərgidə də öz “Səyyar xidmət mərkəzi” ilə təmsil edilib. Sərgi ərəfəsində yerli və xarici ziyarətçilərə portalın imkanları barədə məlumatlar təqdim olunur”, - deyə o qeyd edib.
Sərginin ilk günündən “Səyyar xidmət mərkəzi” vasitəsi ilə 10-dək yeni şirkətlə əməkdaşlıq üzrə ilkin danışıqlara başlanılıb.
Qeyd edək ki, sərgilərdə Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələr də daxil olmaqla 10 ölkədən 75 şirkət iştirak edir.

Sərgilər 2019-06-11 12:45:00